×
A
A
A
Sazlamalar

Azərbaycanda hemofiliyadan əlillik hallarının azalmasına nail olunub

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın Səhiyyə Nazirliyində Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarrido ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda bir sıra mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı bir sıra tapşırıqlar verib. Həmçinin 2005-ci ildə bu sahədə Dövlət Proqramı qəbul olunub, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə dövlət hesabına təqdim edilir.
Teymur Musayev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması nəticəsində həmin xəstəliyin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Ölkədə hemofiliyalı xəstələrin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim nəzarətində və diqqətindədir.
Azərbaycanın səhiyyə naziri, həmçinin qeyd edib ki, hemofiliya xəstəliyi multidisiplinar yanaşma tələb etdiyindən onun müalicəsi daha kompleks şəkildə aparılmalıdır.
“Ölkəmizdə görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, həmin xəstəlikdən əlillik hallarının azaldılmasına nail olunub”, - deyə Teymur Musayev fikirlərinə yekun vurub.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən WFH-nin prezidenti Azərbaycanda hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Sezar Qarrido WFH tərəfindən Səhiyyə Nazirliyi və ölkəmizin digər səhiyyə qurumları ilə birgə Bakıda qanın laxtalanma pozulmasından əziyyət çəkən insanların maraqlarını qorumaq məqsədilə keçirilən konfransın vacibliyini qeyd edib.
Görüşdə Ümumdünya Hemofiliya Federasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə layihələrinin reallaşdırılması barədə faydalı müzakirələr aparılıb.

Səhiyyə 2023-06-01 14:51:00