×
A
A
A
Sazlamalar

“Cənubi Qafqazda geotəhlükəsizlik mühiti və Azərbaycan postmüharibə dövründə” adlı dərs vəsaiti çapdan çıxıb

Bakı, 1 iyun, AZƏRTAC

“Cənubi Qafqazda geotəhlükəsizlik mühiti və Azərbaycan postmüharibə dövründə” adlı dərs vəsaiti Milli Müdafiə Universitetində Hərbi Elmi Tədqiqat İnstitutunda çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, geniş oxucu üçün təqdim edilən elmi əsərin müəllifləri Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev və Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Məmmədzadədir.
Layihənin rəhbəri Milli Müdafiə Universitetinin rektoru, Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-leytenant Heydər Piriyev, elmi redaktoru Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, dosent, polkovnik Arif Həsənov, baş redaktor Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektor müavini, polkovnik Rəşad Tahirov, rəyçi siyasi elmlər doktoru, dosent Fətəli Abdullayev, redaktoru Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Elm, konseptual və doktrinal sənədlər şöbəsinin müdiri Gülnarə Əliyevadır.
Bu nəşrdə Ermənistan–Azərbaycan münaqişəsinin kəskinləşməsi kontekstində Cənubi Qafqazda baş verən hərbi–siyasi hadisələr təhlil edilir, həmçinin Birinci Qarabağ müharibəsindən sonra aparıcı dünya dövlətlərinin Cənubi Qafqazda qlobal siyasi oyununun məzmunu açıqlanır. Ermənistan–Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı əsas problemlərin kompleks şəkildə tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc faktorlarının, həmçinin Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi izolyasiya siyasətinin təsirinin geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəlliflər üçün müəyyənedici amilə çevrilib.
Kitabda münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, İkinci Qarabağ müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionu üçün geosiyasi nəticələri və postmüharibə dövründə regionda yeni qurulacaq təhlükəsizlik konfiqurasiyasının əsas konturları müəyyənləşdirilir. Eyni zamanda Azərbaycanın regionda yeni geosiyasi mühitin formaşlaşması, təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq formatının yaradılmasındakı rolu təhlil edilir.
Dərs vəsaiti müəllim, adyunkt, dinləyicilər və beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssislər üçün nəzərdə tutulur.

Cəmiyyət 2023-06-01 14:46:00