×
A
A
A
Sazlamalar

Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb

Bakı, 1 iyun, AZƏRTAC

Çaytikanı (Hippophae rhamnoides L.) meyvəsi mineral maddələrlə və vitaminlərlə zəngindir. Onun tərkibində insan orqanizmi üçün zəruri olan maddələr vardır. Vitaminlərlə zəngin bu bitkinin meyvəsi insanların qidası və müalicə məqsədi üçün istifadə edilib.
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının elmi işçisi Kəmalə Sadiqovanın elmi tədqiqatında Abşeron və Qəbələ şəraitində becərilən çaytikanı növündən istifadə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər iki regiondan Hippophae rhamnoides L. növünün meyvələri 2022-ci ilin oktyabr-noyabr aylarında, tam yetişən dövründə yığılıb. Təcrübədə hər iki regiondan götürülmüş 100 ədəd çaytikanı meyvəsindən istifadə edilib. Tədqiqat nəticəsində Abşeron yarımadası və Qəbələ rayonu ərazisində becərilən çaytikanı meyvələrinin kütləsi, şirə çıxımı və quru maddələrinin miqdarında fərq olduğu müşahidə edilib. Abşeronda becərilən çaytikanı meyvəsinin 100 ədədinin kütləsi 58,4 q, şirəsi 43,1 q, meyvədə quru maddə 15,3 mq, şirədə quru maddə 7,1 mq təşkil edir. Qəbələdə becərilən çaytikanı meyvələrinin 100 ədədinin kütləsi 60,6 q, şirəsi 58,4 q, meyvədə quru maddə 16,9 mq, şirədə quru maddə 9,4 mq təşkil edir.
Ekoloji-coğrafi ərazilərin iqlim-torpaq amilləri Hippophae rhamnoides L. bitkisinin hüceyrə daxilində gedən bioloji fəal və qidalı maddələrin sintezinə təsir edir. Bu da məhsulun tam yetişməsi və toplanması üçün münasib vaxtın müəyyənləşməsinə şərait yaradır.
Aparılan elmi-tədqiqata görə, 5-6 yaşlı çaytikanı kollarından orta hesabla 5-8 kq məhsul almaq olur. Bir hektar sahədən 45-50 sentnerə qədər meyvə toplamaq mümkündür. Alınan 50 sentner məhsuldan 520 kq yağ almaq olur. Bitkinin meyvələrinin tərkibi becərildiyi yerin torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və yığılma müddətindən asılıdır.

 

Elm və təhsil 2023-06-01 14:11:00