×
A
A
A
Sazlamalar

Sumqayıtda “Uşaq Paralimpiya Kuboku” uğrunda yarışlar keçirilir

Sumqayıt, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq Paralimpiya Kuboku” uğrunda yarışlar keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə reallaşan yarışlarda sağlamlıq imkanları məhdud 100-dən çox uşaq iştirak edib. Paytaxt Bakı və ölkənin müxtəlif bölgələrindən yarışlara qatılan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) güclərini sınayıblar.
Rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Hazırda Komitədə sağlamlıq imkanları məhdud 100-dən çox uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıblar.

Regionlar 2023-06-01 14:08:00