×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib

Bakı, 1 iyun, AZƏRTAC
Mayın 30-dan etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin dəvəti ilə sözügedən ölkədə səfərdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Komitənin sədri Mübariz Qurbanlı mayın 31-də Ciddə şəhərində Krallığın İslam Məsələləri, çağırış və irşad naziri Şeyx Əbdüllətif bin Əbdüləziz Əl-Şeyxlə görüşüb.
Görüşdə naziri ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlandıran DQİDK sədri Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğının göstərildiyini, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin, İslamda vəhdətin daha da möhkəmlənməsinə yönəldiyini bildirib.
Sədr, eyni zamanda, Azərbaycanda 958-i İslam, 37-si isə qeyri-islam təmayüllü olmaqla, 995 dini qurumun dövlət qeydiyyatından keçdiyini, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq maliyyə yardımının ayrıldığını nəzərə çatdırıb. Həmçinin respublikamızda 16 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib.
Dövlət Komitəsinin sədri Azərbaycan- Səudiyyə Ərəbistanı münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə həmin ölkəyə rəsmi səfəri ilə qoyulduğunu, hazırda iki ölkə arasındakı əlaqələrin Prezident İlham Əliyevin apardığı siyasətlə daha da inkişaf etməkdə olduğunu diqqətə çatdırıb.
Öz növbəsində nazir ölkəsində aparılan islahatlar, Azərbaycan- Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar və dini, mənəvi sahələrdə də inkişafı, o cümlədən İƏT çərçivəsindəki əməkdaşlığı qeyd edərək, Krallıqda dini ekstremist meyillərə qarşı aparılan mübarizə və məzhəblərarası vəhdətin təmin edilməsi istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiyyə Ərəbistanı İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin də iştirak etdiyi tədbirdən sonra M.Qurbanlı yerli televiziya kanallarına müsahibə verib.
Qeyd edək ki, sözügedən səfər Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2021-ci il dekabrın 15-də Ər-Riyad şəhərində keçirilmiş 6-cı iclasının Protokoluna əsasən, İslam məsələləri sahəsində əməkdaşlıq haqqında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Krallığın İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması barədə əldə edilmiş razılıq əsasında həyata keçirilir.

Din 2023-06-01 14:06:00