×
A
A
A
Sazlamalar

Qazaxıstanda xalqımızın Ümummilli Liderinə və Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 1 iyun, AZƏRTAC
Qazaxıstanın Uralsk vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümünə - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Aktaudakı baş konsulluğunun və Uralsk vilayətindəki Azərbaycan icmasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Uralsk şəhər akimi (qubernatoru) Mirjan Satkanov başda olmaqla şəhər administrasiyasının üzvləri, ictimaiyyət nümayəndələri, tələbə-gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Uralsk vilayətinin Xalq Assambleyasının “Dostluq Evi”ndə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıblar. Mərasimdə Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.
Baş konsulun vəzifələrini icra edən Elçin Məmmədov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin inkişafında, dost və qardaş Qazaxıstan ilə əlaqələrinin möhkəmlənməsində dünyamiqyaslı siyasi xadim, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri barədə məlumat verib. Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla inkişaf etdiyini bildirən E.Məmmədov Azərbaycan Prezidentinin bu il Astana şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın açılışında iştirakı zamanı hər iki ölkənin prezidentlərinin Ulu Öndərlə bağlı bölüşdüyü xatirələrdən danışıb.
Daha sonra Uralsk şəhər akimi (qubernatoru) Mirjan Satkanov Ulu Öndərin 100 illik yubileyi və 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qubernator ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərindən, dahi şəxsiyyət Heydər Əliyevin daim Qazaxıstan xalqına və dövlətinə göstərdiyi xüsusi rəğbətdən danışıb. Bununla yanaşı, Ulu Öndər tərəfindən bünövrəsi qoyulmuş yüksəksəviyyəli tarixi əlaqələrin daha da inkişaf etdiyini bildirib.
Daha sonra “Dostluq Evi”nin rəhbəri Maxambet Sultanqalıyev çıxış edərək Azərbaycan və Qazaxıstan xalqları arasındakı tarixi köklərə söykənən dostluq, qardaşlıq əlaqələrindən və iki tərəfli münasibətlərin inkişafında mövcud potensialdan danışıb.
Tədbir Azərbaycan mədəniyyət ustalarının konsert proqramı ilə başa çatıb.

Siyasət 2023-06-01 13:28:00