×
A
A
A
Sazlamalar

Moskva Dövlət Linqvistika Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Moskva, 1 iyun, AZƏRTAC

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rusiya-Azərbaycan. XXI əsrdə mədəniyyətlərin dialoqu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Linqvistika Universiteti və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkil etdiyi tədbirin moderatoru MDLU-nun MDB dövlətlərinin dili və mədəniyyəti üzrə baza təşkilatının direktoru Vladimir Konev olub.
Konfransda MDLU-nun rektoru İrina Krayeva, Bakı Slavyan Universitetinin prorektoru Nailə Xəndan (onlayn), Moskva hökuməti yanında millətlərin işləri üzrə Şuranın miqrasiya siyasəti komissiyasının sədri Yuri Moskovski, Moskvada qırğız diasporunun sədri Kubanıçbek Osmanbekov, tanınmış alimlər, MDB-yə üzv ölkələrin Dil mərkəzlərindən, Moskvanın müxtəlif millətlərdən olan görkəmli ictimai xadimləri çıxış ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Sevinc İsmayılova səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Moskvanın Azərbaycan diasporunun başçısı Bəxtiyar Həsənov çıxışında MDLU-nun rektoruna və kollektivinə bu təşəbbüsü dəstəklədiklərinə və konfransın keçirilməsinə yer ayırdıqlarına görə minnətdarlığını bildirib. B.Həsənov Moskva hökumətinin naziri, Moskvanın Milli Siyasət Departamentinin rəhbəri Vitali Suçkovun təbrikini oxuyub. Məktubda Moskva azərbaycanlılarının paytaxtın inkişafına verdikləri böyük töhfə, şəhərin ictimai və mədəni həyatında fəal iştirakları vurğulanıb.
Sonra Moskvanın Azərbaycan diasporu başçısının müavini Həşim Əliyevin “Heydər Əliyev – yeni dövlətin memarı. Çoxmillətli Azərbaycanda multikulturalizm siyasəti”, MDLU-nun professoru Aleksandr Bondarevin “Kitabi-Dədə Qorqud: mifologiya və tarix arasında”, Bakı Slavyan Universitetinin professoru Bella Musayevanın “Azərbaycanda milli azlıqların dil və mədəniyyətlərinin inkişafı”, Rusiya Dövlət Sosial Universitetinin fəlsəfə kafedrasının müdiri professor İbrahim Məlikovun “Heydər Əliyev və mədəniyyətlərin dialoqu”, Humanitar və Tətbiqi Elmlər İnstitutunun direktoru Çeslav Daletskinin “Rus və Azərbaycan mədəniyyətlərinin ritorik dialoqu”, şair, tərcüməçi Afaq Şıxlının “Müasir mədəniyyətə Heydər Əliyevin təsiri” mövzularında məruzələri dinlənilib.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-06-01 13:09:00