×
A
A
A
Sazlamalar

Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün Türkiyəyə gedəcək

Bakı, 1 iyun, AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin alyansa üzvlüyü məsələsini Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək üçün yaxın zamanlarda Türkiyəyə səfər edəcək.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, Yens Stoltenberq bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində bildirib. Onun sözlərinə görə, səfər zamanı İsveçin tezliklə alyansa üzvlüyü üçün mövcud yollar müzakirə ediləcək.
“Türkiyənin bəzi haqlı təhlükəsizlik narahatlıqlarının olduğunu unutmamalıyıq. Çünki heç bir müttəfiqə Türkiyə qədər terror hücumu olmayıb. Bu səbəbdən terrorun hər növünə qarşı Türkiyə ilə birlikdə çalışmağımız vacibdir. Mən NATO müttəfiqlərinin fəaliyyətini, eləcə də İsveçin ötən ay terrorla mübarizə sahəsində atdığı addımları və Türkiyə ilə əməkdaşlığı sürətləndirmək cəhdlərini alqışlayıram. Əminəm ki, İsveçin üzvlük protokolu tezliklə ratifikasiya olunacaq”, - deyə Yens Stoltenberq vurğulayıb.
2022-ci ilin iyul ayında Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edib. Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmək üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması yer alıb. Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. İsveçin NATO-ya üzvlüyünə isə Türkiyə tərəfi hələlik razılıq vermir.

Dünya 2023-06-01 12:25:00