×
A
A
A
Sazlamalar

Heydər Əliyevin zəfər siyasətində Rəcəb Tayyib Ərdoğana güvən – məqalə

Bakı, 1 iyun, AZƏRTAC

Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi Heydər Əliyev siyasətinin önəmli xəttini təşkil edirdi. Tarix sübut etdi ki, Heydər Əliyevin ömrünün sonlarına yaxın Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşməsi də təsadüfi xarakter daşımayıb. 2003-cü il yanvarın 7-də “Ulduz” sarayında Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafətdə Ulu Öndər Heydər Əliyev tarixi nitq söyləmişdi. Həmin nitqə diqqət yetirdikdə illər sonra gerçəkləşəcək hadisələrin təməlinin məhz o zamanlar qoyulduğuna əminlik yaranır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Heydər Əliyevin zəfər siyasətində Rəcəb Tayyib Ərdoğana güvən” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, hələ 2003-cü ildə baş tutan görüşdə 2020-ci ildə baş verəcək müharibə zamanı Türkiyənin dövlət başçısının Ərdoğan olacağını və onun birmənalı şəkildə Azərbaycanı dəstəkləyəcəyini hiss etmək fövqəladə dühanın zəkası ola bilərdi. Lakin həmin dövrlərdəki çıxışlara diqqətlə nəzər yetirdikdə Heydər Əliyevin nəinki Azərbaycan, hətta Türkiyə haqqında gələcək hadisələri öncə görməsi heyrətamizdir. Görüş zamanı elə məsələlər qabardılıb ki, onların mahiyyətini yalnız Qələbədən sonra anlamaq mümkün idi. Heydər Əliyev gələcəklə bağlı son dərəcə arxayın fikirlər səsləndirmişdi: “Cənab Ərdoğan, mən sizinlə təkbətək danışıqdan, apardığımız fikir mübadiləsindən çox məmnunam. Bizim fikirlərimiz üst-üstə düşür və indiyə qədər olduğu kimi, bu gün də Siz də, mən də Türkiyə-Azərbaycan əlaqələrini ən yüksəkdə tuturuq. Mən sizinlə apardığım danışıqlar nəticəsində belə anladım”. İlk baxışdan “Bizim fikirlərimiz üst-üstə düşür” - cümləsi o qədər də diqqəti çəkməyən adi cümlə təsiri bağışlaya bilər, lakin hadisəyə 2020-ci ildən sonra qiymət verəndə Heydər Əliyevin nə qədər uzaqgörən dahi olduğu bir daha bəlli olur. O, sanki əminliklə bildirir ki, bir gün Azərbaycan Ermənistana qalib gələcək və bu Qələbədə Türkiyə məhz Ərdoğanın rəhbərliyi ilə Azərbaycanı dəstəkləyəcək.
Çıxışdan bir məqama xüsusi diqqət yetirmək lazımdır: “Hər dəfə belə hal, yəni bir partiyanın təkbaşına iqtidar olması Türkiyəyə çox böyük uğurlar gətirib, Türkiyəni inkişaf etdirib və Türkiyəni yüksəldibdir”. O zamanlar üçün adi bir proqnoz sayıla biləcək bu fikirlər illər sonra nə qədər dəqiq diaqnozun bəyanı olduğunu ifadə edir. Həmin ziyafət zamanı son dərəcə mühüm olan bir çox məsələlərə də toxunulub: “Qarşımızda böyük yol var. Azərbaycan gənc, müstəqil dövlətdir… Ən böyük problem Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və işğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşının zorla çıxarılması, onların çadırlarda yaşamasıdır. Bu problem bizim, Azərbaycan dövlətinin böyük yarasıdır. Biz bu problemi həll etməyə çalışırıq. Bu barədə Türkiyə ilə daim məsləhətləşirik. Türkiyənin dəstəyinə ümid bəsləyirik. Türkiyə bizimlə bərabərdir. Amma təəssüflər olsun, hələ ki bunu həll edə bilməmişik. Ancaq inanıram ki, biz bunu həll edəcəyik”. Bu inam tarixin sınağından Qələbə ilə çıxdı. Problem həllini tapdı və Azərbaycanın ən böyük dəstək verəni Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə oldu.
Qələbəyə necə nail olmağın yollarını da Ulu Öndər həmin çıxışında göstərmişdi: “Əgər bizim torpaqlarımız işğal olunmasaydı, bir milyondan artıq vətəndaşımız öz yerindən-yurdundan çıxarılıb çadırlarda, işsiz vəziyyətdə olmasaydı, müstəqil dövlətimizin qarşısında olan digər problemləri daha da asanlıqla, uğurla həll edə bilərdik. Ancaq buna baxmayaraq, biz irəliləyirik”. Heydər Əliyevin uzaqgörən zəkası qardaşlıq bağlarını həm də iqtisadi bağlarla bir-birinə bənd edirdi. Həmin tarixi çıxışda Heydər Əliyevin səsləndirdiyi fikirlər, verdiyi proqnozlar artıq hər kəsin şahidi olduğu gerçəklikdir: “Mən bunu xüsusi qeyd etmək istəyirəm, bizi sevindirən odur ki, Türkiyənin həyatında yeni bir dövr açılır, yeni bir mərhələ açılır. Ədalət və İnkişaf Partiyası təkbaşına iqtidarda olaraq böyük işlər görə bilər. Mən bu gün cənab Ərdoğanın dediklərindən belə anladım ki, artıq bu işlərin planları var, onlar həyata keçiriləcək, Türkiyənin iqtisadiyyatı inkişaf edəcəkdir. Türkiyənin iqtisadiyyatı nə qədər çox inkişaf etsə, bunun Azərbaycana da bir o qədər müsbət təsiri olacaqdır. Biz bunu arzu edirik”. Arzuların gerçəkləşməsi üçün görülən işlərin şahidi olduq.
Həmin görüşdə gündəmə gətirilən ən önəmli mövzulardan bir də Azərbaycanın gələcək Zəfəri idi. Heydər Əliyev birliyimiz sayəsində bir gün Qələbə qazanacağımızı əminliklə ifadə etmişdi: “Başqa məsələlərdə, beynəlxalq təşkilatlarda, hər yerdə Türkiyə ilə Azərbaycan bir yerdədir və bir yerdə də olacağıq. Erməni lobbisinə qarşı bir yerdə mübarizə aparmışıq, bir yerdə də aparacağıq. Ermənilərin guya türklərin onlara qarşı soyqırımı etmələri haqqında fikirlərinin biz həmişə əleyhinə çıxmışıq. Bizim Milli Məclis bu barədə Fransa parlamentinə etiraz göndərib, başqa bəyanatlar vermişik və bundan sonra da verəcəyik. Ermənilər Azərbaycanda azərbaycanlıları qırıblar, Türkiyədə türkləri qırıblar. İndi deyirlər ki, guya türklər erməniləri qırıb, soyqırımı ediblər. Bu, doğru deyildir, yalandır”. Taleyüklü problemlərin həllində qardaşlıq nümayişi tarixin axarını dəyişir, dünyanın siyasi həyatında yeni reallıqlar yaradır.
Elə həmin gün, 2003-cü il yanvarın 7-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də əsas diqqət gələcək Qələbəyə yönəldilmişdi: “Cənab Ərdoğan, qələbə qazandıqdan sonra şəxsən sizin dinamik fəaliyyətinizi də biz Azərbaycanda çox böyük sevgi və məhəbbətlə izləyirik. Mən bunu alqışlayıram. Çünki Türkiyə Cümhuriyyəti dünyanın böyük ölkələrindən biridir. Türkiyə Cümhuriyyəti inkişaf etmiş bir dövlətdir, demokratik ölkədir, bazar iqtisadiyyatı yolu ilə gedən ölkədir. Uzun illər NATO-nun tərkibində olan bir ölkədir. Belə bir ölkənin hökuməti, təbiidir ki, gərək dinamik olmağa qadir olsun. Sizin ilk addımlarınız, Türkiyənin Avropa Birliyinə daxil olması istiqamətindəki fəaliyyətiniz, Kipr məsələsi ilə əlaqədar fəaliyyətiniz - bunlar hamısı onu göstərir ki, sizin əlinizdə baş nazir mandatı olanda bu işləri daha çox, daha asanlıqla görəcəksiniz. Mən bütün bunlara görə sizi təbrik edirəm. Bunlar hamısı sevindirici haldır.
Sizin bu qələbənizi, Türkiyənin indi belə inkişaf yoluna düşməsini biz Azərbaycanda özümüzün belə bir səviyyəyə qalxmağımız kimi qəbul edirik. Çünki Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dostluq, qardaşlıq əlaqələri əvvəldən olubdur. Təbiidir, bizim dərin köklərimiz məlumdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə həmişə Azərbaycanın ən yaxın dostu, qardaşı olubdur. Bu gün də belədir. Artıq biz bir-birimiz ilə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk. Elə bir sahə yoxdur ki, bizim orada əməkdaşlığımız olmasın”. Sağlam təməllər üzərində yaradılmış əməkdaşlıq öz bəhrəsini verməkdədir.
Həmin görüş zamanı Rəcəb Tayyib Ərdoğan da qurulmuş əlaqələrin daha da gücləndiriləcəyini bəyan etmişdi. Türk dövlətlərinə ziyarəti Azərbaycandan başladıqlarından məmnunluq ifadə edən Rəcəb Tayyib Ərdoğan “İndi buradan Türkmənistana, daha sonra da Qazaxıstana səfər edib ilk turu bitirəcəyik. Sonra isə inşallah, ikinci turu yerinə yetirəcəyik”, – deyə planları haqqında məlumat vermişdi. Bu planların əsasını türk dövlətlərini gücləndirməyin təşkil etdiyini eyham vurduğunu tarix sübut etdi.
Rəcəb Tayyib Ərdoğan xüsusi olaraq vurğulayırdı ki, “Bizim aramızda olan qardaşlıq telləri yalnız keçmişimizdən deyil, həm də gələcəyimizdən ilham alır. Çünki qardaşların arasındakı bağlar zaman baxımından sərhədsizdir. Arzumuz, diləyimiz bu həmrəyliyimizi, bu birliyimizi, bu bərabərliyimizi gələcəyə doğru daha şövqlə, sevgi və məhəbbətlə aparmaqdır. Çünki bizə bizdən fayda var. Bunu bacarmağımız lazımdır”. Görüşdən illər keçməsinə baxmayaraq söylənilən fikirlər hələ də aktuallığını saxlayır. Artıq həmin görüş özü də bir tarix olmuşdur. Gələcək tarix isə Türkiyə-Azərbaycan qardaşlığına əbədi şahidlik edəcəkdir.
2003-cü ilin yanvarında Heydər Əliyevin ümid etdiyi tarixi hadisə, həmin ilin mart ayında gerçəkləşir. Bu münasibətlə Ulu Öndər Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda da gələcək qələbənin birlikdə qazanılacağına işarələr edir: “Əminəm ki, yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimizin əməkdaşlığı bütün sahələrdə inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün, sabitliyin bərqərar olmasına xidmət edəcəkdir”. Bu əminlik də zamanın sınağından haqlı çıxdı, ümumdünya pandemiya hadisələrindən sonra regionda sülhün, sabitliyin bərqərar olmasında Azərbaycan və Türkiyə prezidentlərinin rolu danılmazdır.
Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Qələbə qazandı. Ermənilərin otuz il işğal altında saxladığı torpaqlarımız müzəffər Azərbaycan Ordusu tərəfindən azad olundu. “Qarabağ münaqişəsi”nin yerini “Qarabağ Azərbaycandır” şüarı tutdu.

Elm və təhsil 2023-06-01 12:24:00