×
A
A
A
Sazlamalar

Uşaqlar üçün “4 mövsüm” kulinariya müsabiqəsi başlayır

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 5-dan başlayaraq feysbuk sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 mövsüm” adlı müsabiqə başlayır.
AZƏRTAC xəbər verir ki, müsabiqə çərçivəsində uşaqlar və yeniyetmələr hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və qalib seçilərək dəyərli hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaq və yeniyetmələr iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirərək əylənməkdir.
“İyun təqvimdə uşaqların ayı kimi qeyd olunub. Hər il bir neçə ay əvvəldən uşaqlar üçün müsabiqə düşünməyə başlayıram və bu il də istisna olmadı. Xatırlayırsınızsa, keçən il bu vaxtlar “Uşaqlar bişirir”, ondan öncəki il “4 yemək” adlı müsabiqələrimiz var idi. Beləliklə, iyun ayını tamamilə uşaqlara həsr edirik. Ümid edirəm ki, bir ay ərzində övladlarımızla birlikdə gözəl nəticələr əldə edə biləcəyik və onlara özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrədəcəyik. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə övladlarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam”, - deyə müsabiqənin təşkilatçısı Kübra Kərimli vurğulayıb.
Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün feysbuk sosial şəbəkəsində “Азербайджанская Кухня и не только” qrupuna daxil olmaq lazımdır.

Mədəniyyət 2023-06-01 11:54:00