×
A
A
A
Sazlamalar

Bu il GDU-dan 2050 nəfər məzun olub

Gəncə, 1 iyun, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) “Məzun günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edilib.
Tədbirdə GDU-nun rəhbərliyi, Dokuz Eylül Universitetinin əməkdaşları, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edib, bu il ali təhsil ocağından 2050 bakalavr və magistrin məzun olduğunu diqqətə çatdırıb. Ölkəmizdə elm və təhsilə göstərilən dövlət qayğısından və GDU-nun əldə etdiyi nailiyyətlərdən danışan Y.Yusibov qeyd edib ki, ali təhsil ocağında tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti ilə müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, yüksəkixtisaslı kadr hazırlığı daim diqqət mərkəzində saxlanılır, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir.
Şəhid Yüksəl Əlizadənin anası, universitetin “Leksika və Ölkəşünaslıq” kafedrasının müdiri Sevda Kazımova və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışlarında məzunları təbrik edib, gənclərə xoş arzularını bildiriblər.
Sonra təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib və atəşfəşanlıqla başa çatıb.

Regionlar 2023-06-01 11:24:00