×
A
A
A
Sazlamalar

Azərbaycan Paris - XVI SİMMPAR beynəlxalq sərgisində təmsil olunur

 

Paris, 1 iyun, AZƏRTAC

Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən SİMPPAR ətir sənayesi üçün xammal və xidmətlərə həsr olunan peşəkar beynəlxalq sərgidə ölkəmizi təmsil edir.
AZƏRTAC xəbər verir ki, sərgidə “Lecheq Farm & Distillery” şirkəti icraçı direktor Bəxtiyar Heraçiyev və kommersiya direktoru Nicat Mahmudlu ilə təmsil olunur. Sərgidə şirkətin təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsulları nümayiş olunub.
Azərbaycanın əsrarəngiz diyarında Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda, yovşan və digər çöl çiçəklərindən hazırlanmış aroma yağlar ətir istehsalçılarının diqqətini cəlb edib. Sərgini ziyarət edən məşhur ətriyyat markalarının aparıcı ətriyyatçıları, ətriyyat ekspertləri Azərbaycan qızılgül yağını çox yüksək qiymətləndiriblər. Onlar Zaqatalada istehsal olunan qızılgül yağının qeyri-adi ətir nüansına malik olduğunu, digər ölkələrdən gələn qızılgül yağlarının ətrindən tamamilə fərqləndiyini xüsusi qeyd ediblər. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətrə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndiriblər. Dünyada ən çox sevilən “Guerlain” markasının istedadlı ətriyyatçısı Tyeri Vaser Azərbaycan stendini ziyarət edərək, Azərbaycan ətriyyat yağları ilə tanış olmuş və onların xüsusi olduğunu qeyd edib.
Müxtəlif ölkələrin, eləcə də Fransanın ətriyyat üzrə ixtisaslaşmış təhsil ocaqlarının yüksək səviyyəli nümayəndələri, ekspertləri Azərbaycandan gələn bitki yağları ilə maraqlanaraq, əməkdaşlıq təklif ediblər. Onlar “Lecheq Farm and Distillery”nin nümayiş olunan bitki yağlarının çalarlarından söz açaraq, onların hər birini yüksək qiymətləndiriblər. Onların ətir çalarları və notlarını xüsusi qeyd ediblər. İqlim və torpağın belə müxtəlif nüanslı ətirli yağlar verən bitkilərə təsirindən danışıblar. Azərbaycan şirkəti ilə əməkdaşlıqda maraqlarını bildirərək, şirkəti ziyarət etmək üçün Azərbaycana gəlmək istədiklərini bildiriblər.
“Lecheq Farm and Distillery” şirkətinin nümayiş etdirdiyi 51 illik qızılgül yağı bütün mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Ətriyyat sənayesi üçün xammal və xidmətlərə həsr olunan SİMPPAR peşəkar beynəlxalq sərgisində dünyanın 100-dən çox ətir sənayesi üçün xammal istehsal edən tanınmış brendləri iştirak edir. SİMPPAR beynəlxalq sərgi salonu tanınmış ətir istehsalçıları ilə ətriyyat sənayesi üçün xammal və xidmətlər təklif edən şirkətlərin ən məşhur görüş yeridir.
“Lecheq Farm and Distillery” şirkətinin dünyada tanınmış və aparıcı kosmetika, aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə çevrilməsi təsadüfi deyil. Azərbaycanda hələ ötən əsrlərdən qızılgül yağı istehsal olunub.
16-cı SİMPPAR sərgisində 106-dən çox ətriyyat sənayesi üçün xammal istehsal edən şirkət iştirak edir.
Sərgi iyunun 2-dək davam edəcək.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2023-06-01 11:22:00