×
A
A
A
Sazlamalar

“SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

Bakı, 1 iyun, AZƏRTAC
Mingəçevir şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mingəçevir şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra yeni YDS-nin açılış mərasimi olub. Açılış tədbirində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzdində olan Azərbaycan Standartlaşdırma İnstitutunun və “Kapital Bank”ın nümayəndələri iştirak ediblər.
Açılış mərasimi müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yeni YDS-nin “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 5-ci YDS olduğu bildirilib.
Mingəçevir şəhərinin sənaye və iqtisadi potensialından bəhs edilən tədbirdə SOCAR brendli YDS şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb. Bu xüsusda yeni YDS-lərin ölkədə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verdiyi, yeni YDS-də 25 yeni iş yerinin yaradıldığı qeyd edilib.
Həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi çıxış edərək bildirib ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma stansiyalarından götürülən nümunələrin sınaq nəticələri müvafiq standartların tələblərinə cavab verdiyi təqdirdə həmin məntəqəyə institutun keyfiyyət nişanı təqdim olunur. Keyfiyyət nişanı məhsulun, xidmətin keyfiyyətli olmasını və standartlara uyğunluğunu təsdiq edir. Qeyd edək ki, “SOCAR PETROLEUM”a məxsus yeni stansiyaya da keyfiyyət nişanı təqdim olunub. Bu isə öz növbəsində təsdiq edir ki, YDS-də satılan yanacaqlar yoxlanılıb və standarta uyğunluğu təsdiqlənib. Keyfiyyət nişanı yanacaqdoldurma məntəqələrində müəyyən olunmuş yerlərə vurulur ki, müştərilər rahatlıqla bu nişanı görə və keyfiyyətli yanacaqdan istifadə edə bilsinlər.
Şəhərin Heydər Əliyev prospektində istifadəyə verilən, 4 yanacaqpaylayıcı kolonkanın quraşdırıldığı və nağdsız satış üçün POS-terminalların fəaliyyət göstərəcəyi YDS-də “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. Qeyd edək ki, Birbank və Visa kartları ilə ödəniş edən müştərilər 5 faiz keşbek qazanacaqlar.
Mingəçevirdə istifadəyə verilən YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 49-a yüksəlib. Hazırda YDS-lərdən 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir. “SOCAR” brendli YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.
“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, gələcəkdə ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli YDS-lərin sayının artımı nəzərdə tutulur.

Regionlar 2023-06-01 11:18:00