×
A
A
A
Sazlamalar

Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Bakı, 1 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra materiallar hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxanada fransız yazıçısı Jül Vernin “Kapitan Qrantın uşaqları”, Astrid Lidqrenin “Uzuncorab Peppi” kitablarına dair “Book trailer”lər, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən, mahiyyətindən, məqsədindən bəhs edən videomaterial və ənənəvi kitab sərgisi təşkil olunub.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterialda bu günün tarixi, "Uşaq Hüquqları Bəyannaməsi", "Uşaq Hüquqları Konvensiyası”ndan, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Videomaterialda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənməsinə dair məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara sevgisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısı öz əksini tapıb.
Materialda Respublika Gənclər Kitabxanasında məktəblilər üçün təşkil edilən ekskursiyalar, görüşlər, tədbirlər də yer alıb. Kitabxana gənclər profilli olsa da, fondda kiçikyaşlı oxucuların mütaliə tələbatını ödəyəcək çoxlu sayda Azərbaycan, rus və ingilis dillərində uşaq ədəbiyyatı mövcuddur ki, bu kitablar da videomaterialda yer alıb.
Gənclər Kitabxanasında Beynəlxalq Müdafiə Gününə həsr olunmuş ənənəvi sərgi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqəli son dövrlərdə çap olunan rəngarəng kitablar sərgilənməkdədir.
Qeyd edək ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Mədəniyyət 2023-06-01 10:30:00