×
A
A
A
Sazlamalar

Dəmiryolçuların övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər

Bakı, 1 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Dəmiryolu Vağzalında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, ADY-nin təşəbbüsü ilə keçirilmiş tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.
Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla, 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.
Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq, tədbir çərçivəsində Bakı Dəmiryolu Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.
Eyni zamanda, onlar gənc cüdoçuların xalça üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə ediblər. Əlavə olaraq, bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.
Milli Aviasiya Akademiyasının “TEKNOFEST-2022” festivalının qaliblərinin, “AzerRobot Education” Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirakı tədbirə əlavə rəng qatıb.

Nəqliyyat 2023-06-01 10:13:00