×
A
A
A
Sazlamalar

Kim Çen Inın bacısı: Şimali Koreya tezliklə kəşfiyyat peykini orbitə çıxaracaq

Pekin, 1 iyun, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conq ölkəsinin yaxın zamanlarda hərbi kəşfiyyat peykinin orbitə çıxarılması üçün daha bir cəhd edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hakim Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin departament direktorunun müavini vəzifəsini tutan Kim Yo-conqun məsələyə dair açıqlaması Koreya Mərkəzi Xəbər Agentliyinin internet səhifəsində yerləşdirilib. ABŞ-nin Pxenyanın peyk buraxılışı cəhdini qınamasına toxunan Kim Yo-conq deyib ki, düşmənlər KXDR-in kəşfiyyat peyki də daxil olmaqla üstün kəşfiyyat və məlumat vasitələri əldə etməsindən çox qorxduqları bir daha təsdiqlənib. Məhz buna görə Şimali Koreyanın kəşfiyyat metodlarını inkişaf etdirmək üçün daha çox səy göstərməli olduğunu vurğulayan KXDR liderinin bacısı ölkəsinin hərbi kəşfiyyat peykini yaxın gələcəkdə düzgün formada orbitə çıxaracağını bəyan edib.
Qeyd edək ki, mayın 31-də Şimali Koreyanın “Malligyong-1” kəşfiyyat peykinin orbitə buraxılış cəhdi uğursuz olub. “Chollima-1” adlı daşıyıcı raket mühərrikdə olan nasazlıq səbəbindən Koreya yarımadasından qərbdə Sarı dənizə düşüb.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-06-01 08:22:00