×
A
A
A
Sazlamalar

Azərbaycan əsilli norveçli dizayner “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında yeni kolleksiyasını təqdim edəcək

Stokholm, 1 iyun, Rauf Əliyev AZƏRTAC.

Azərbaycan əsilli norveçli dizayner dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında yeni kolleksiyasını təqdim edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə iyunun 2-də Antalya MiGROS əyləncə və istirahət mərkəzində fəaliyyət göstərəcək dərzi emalatxanasında Norveçdə anadan olan, əslən azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən özəl təqdimatın təşkili reallaşacaq.
Bu məqsədlə Şervin Nəcəfpur “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb. Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edir.
Antalya MiGROS AVM-də təşkil olunacaq özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da təşkil olunacaq. Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyır.
Tanınmış Antalya Moda Həftəsi yerli və xarici media tərəfindən geniş işıqlandırılır. Mərasimdə yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də nəzərdə tutulur.

 
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Mədəniyyət 2023-06-01 04:14:00