Böyük Britaniyanın ticarət elçisinə işğaldan azad olunmuş Azərbaycan ərazilərində görülən işlər barədə məlumat verilib
Bakı, 31 may, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova mayın 31-də Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və Böyük Britaniyanın dost və tərəfdaş ölkələr olduğunu bildirən Sahibə Qafarova deyib ki, xüsusilə iqtisadiyyat, ticarət və enerji sahələrində əlaqələrimiz yüksək səviyyədədir.
Görüşdə Azərbaycanın Avropa üçün etibarlı neft və qaz təchizatçısı olduğunu qeyd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bərpaolunan enerji sahəsində də fəal əməkdaşlıq mövcuddur. Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri deyib ki, bu sahədə də münasibətlər uğurla inkişaf etməkdədir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Milli Məclisin sədri görüşdə, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən genişmiqyaslı işlər barədə məlumat verib.
Göstərilən qonaqpərvərliyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib. Ticarət elçisi ölkəmizin neft və qaz ehtiyatları ilə yanaşı, bərpaolunan enerjinin böyük potensialına da malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Böyük Britaniya arasında tərəfdaşlıq münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirən Baronessa Emma Nikolson xüsusilə enerji və ticarət sahələrində əlaqələrin yüksək inkişafını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb