×
A
A
A
Sazlamalar

Zemfira Ağayeva: Qadın sahibkarlığın inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Bakı, 31 may, AZƏRTAC

İş adamlarına dövlət dəstəyinin verilməsi ənənəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sahibkar Qadınlar İctimai Birliyi adlanan təşkilatımız 2001-ci ildə onun dəstəyi və razılığı ilə qeydiyyatdan keçib. Heydər Əliyevlə ilk görüşümüz 2002-ci ildə olmuşdu. Həmin tədbirdə cəmi 8 nəfər qadın sahibkar iştirak edirdi. Heydər Əliyev zala daxil olan kimi göstəriş verdi ki, qadınlar ön sıraya keçsin. Ulu Öndər bizə dedi ki, siz çox nahaq arxada oturursunuz. Sizin yeriniz öndədir. Siz çətin və şərəfli yoldasınız, bunu heç vaxt unutmayın. İndi isə onun siyasi varisi, Prezidentimiz İlham Əliyev o diqqəti, qayğını qadın sahibkarlara göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva söyləyib.
Birliyin sədri bildirib ki, bu gün Sahibkar Qadınlar Birliyinin 8 mindən çox üzvü var. Onların 70 faizini gənclər təşkil edir. Gənc xanımların sahibkarlığa gəlməsi hökumətin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. 19 xarici ölkədə fəaliyyət göstərən sahibkar qadınlarla işgüzar əlaqələr qurulub.
Qadınlarımız xidmət sektoruna üstünlük verirlər. Eyni zamanda, inşaat, yanacaqdoldurma, hotel, tibb, kənd təsərrüfatı sahələrində çalışan üzvlərimiz də çoxdur. Azərbaycanda fəaliyyət göstərən klinikaların 80 faizi xanım sahibkarlara məxsusdur. Qadınlar daha çox kiçik sahibkarlıqla məşğul olurlar. Bununla yanaşı, iri sahibkarlıq subyektini çalışdıran qadınlarımız da vardır. Bütün bunlar dövlətin bizə dəstəyi, diqqəti və qayğısı sayəsində mümkün olub.
Qeyd olunub ki, 2002-ci il aprelin 25-26-sı Ulu Öndər Heydər Əliyevin yerli sahibkarlar və Azərbaycanda fəaliyyət göstərən xarici sahibkarlarla görüşü oldu. Demək olar ki, Azərbaycanda sahibkarlığın təməli həmin il qoyulub. Hazırda da Sahibkarlar Günü aprel ayında qeyd edilir. Sahibkarların mükafatlandırılması, onlara dəstək, istehsalın gücləndirilməsi, xidmət əməyi, eləcə də özəl təhsil müəssisələri, tibb sahələri üzrə klinikaların yaranması və inkişafı sürətlə başladı.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, onun ideyalarını reallaşdıran Prezident İlham Əliyev iqtisadiyyatımızın inkişafına xüsusi dəstək verir. Son illər qadın sahibkarlığın inkişafı ilə bağlı bir sıra qərarlar qəbul olunub, sərəncamlar verilib.
Z.Ağayeva bildirib ki, işğaldan azad olunan ərazilərdə işləmək, biznes qurmaq təşəbbüsü göstərən qadın sahibkarlarımız çoxdur. Dövlət qurumlarının dəstəyi ilə qadın sahibkarların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunub. Onlar imkanları, tələbatı yerində dəyərləndirib.
Z.Ağayeva Prezident İlham Əliyevin imzası ilə 2012-ci ildə ilk dəfə sahibkar kimi “Tərəqqi” medalı ilə təltif edildiyini və bunun çox qürurverici bir məqam olduğunu vurğulayıb: “Mükafatlar, diplomlar, eləcə də fəxri diplomlar - bunlar hamısı dövlət tərəfindən sahibkarlara verilən stimuldur. Qadın sahibkarlığın inkişafında dövlətimizin dəstəyini xüsusi rolunu qeyd etmək və bildirmək istəyirəm ki, dövlət dəstəyi olmadan bu nailiyyətləri qazana bilməzdik.
Bu gün dövlətimizin məhz Prezident İlham Əliyevin biz qadınlara verdiyi güvən və dəstəyi nəticəsində bu uğurlara nail olmuşuq”.

 

İqtisadiyyat 2023-05-31 18:26:00