×
A
A
A
Sazlamalar

Sumqayıtda fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiya təkmilləşdirilib

Bakı, 31 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda FHN-in müvafiq struktur bölmələrinin nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyasının təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə FHN-in Sumqayıt Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.
Sonra FHN Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda məruzə edib. Məruzədə yanğınların baş vermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və s. məsələlərə toxunulub.
Seminarda şəhər ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Cəmiyyət 2023-05-31 16:42:00