×
A
A
A
Sazlamalar

Meksikalı deputat Azərbaycanda bir sıra görüşlər keçirib

Bakı, 31 may, AZƏRTAC

Meksikalı deputat Elvia Vixil Azərbaycana səfər çərçivəsində “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” adlı 2-ci beynəlxalq konfransda iştirak edib. Konfransda çıxış edən ekspertlər, Azərbaycan da daxil olmaqla, minalardan əziyyət çəkən 60 ölkənin inkişafına minaların yaratdığı problemlərdən bəhs ediblər. Deputat E.Vixil Ağdam şəhərində dağıntıların miqyası, minaların əhaliyə yetirdiyi ziyan ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, konfrans başa çatandan sonra meksikalı deputat bir sıra ikitərəfli görüşlər keçirib. Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşdə Matamoros Texniki Universitet ilə əməkdaşlıq layihəsi haqqında ilkin müzakirələr aparılıb.
Eyni zamanda, meksikalı deputat Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə işçi naharda iştirak edib. Söhbət əsnasında mayın əvvəlində nazir müavini E.Məmmədovun Meksikaya səfəri çərçivəsində siyası məsləhətləşmələr mexanizminin üçüncü raundunun keçirilməsi və parlament üzvləri ilə keçirdiyi görüşlər də daxil olmaqla ikitərəfli gündəliyin bir sıra mövzularına toxunulub.
Deputat E.Vixil, həmçinin Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Jalə Əliyeva, eləcə də Bakıda keçirilən taekvondo üzrə Dünya çempionatında iştirak edən meksikalı idmançılarla görüşüb.

Cəmiyyət 2023-05-31 16:23:00