×
A
A
A
Sazlamalar

Bərdə, Tərtər və Ağdam rayonlarındakı təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb

Bakı, 31 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində Bərdə, Tərtər və Ağdam rayonlarında yerləşən bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında – qarışıq meyvə bağlarında (nektarin, gilas, ərik, badam), habelə pomidor istixanalarında fitosanitar müşahidələr aparılıb.
Monitorinqlər zamanı nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müxtəlif virus, göbələk və bakteriya mənşəli bitki xəstəliklərinə, həmçinin zərərvericilərə görə müayinələrə cəlb olunub. Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bununla yanaşı, tumlu və çəyirdəkli meyvə bağlarında şaftalı meyvəyeyəninin, Aralıq dənizi meyvə milçəyinin və qərb çiçək tripsinin, pomidor istehsalı təsərrüfatlarında isə pomidor lağımlayıcı güvəsinin və qərb çiçək tripsinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Təsərrüfat sahiblərinə meyvə bağlarının və pomidor bitkisinin əsas zərərvericiləri və xəstəlikləri, onlara qarşı mübarizə üsulları, o cümlədən pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib.

 

 

Sosial 2023-05-31 16:14:00