×
A
A
A
Sazlamalar

İki sığorta növü üzrə şəhadətnamələr elektronlaşdırılıb

Bakı, 31 may, AZƏRTAC

İyunun 1-dən daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, sığorta sektorunun inkişafı, sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə işlər uğurla davam etdirilir. Ötən ilin sonunda “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya işləri yekunlaşdırılıb, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilib. Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyestr nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcək. Daha sonra müvafiq veb-servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Əmlak Xidmətindən əldə ediləcək. Şəhadətnamələr sığorta şirkətləri tərəfindən təsdiq edilərək və elektron vasitələrlə imzalanacaq. Ödəniş kodu sığortalıya SMS vasitəsilə göndərildikdən sonra Hökumət Ödəniş Portalı vasitəsilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcək.
Müvafiq elektron informasiya sistemləri ilə inteqrasiyaların tamamlanmasından sonra elektron şəhadətnamə ilə bağlı məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcək. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaq.
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılıb, “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

İqtisadiyyat 2023-05-31 15:59:00