×
A
A
A
Sazlamalar

Hərbi institutda respublika elmi-praktik konfransı keçirilib

Bakı, 31 may, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasının inkişaf strategiyası: potensial imkanlar və yeni çağırışlar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə bərabər, nazirliyin, Hərbi Elmi-Tədqiqat İnstitutunun, AMEA İdarəetmə Sistemləri İnstitutunun, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Heydər Əliyev Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin, Dövlət Sərhəd Xidməti Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Milli Aviasiya Akademiyasının, Bakı Avrasiya Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Qərbi Kaspi Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, “CBM Engineering” MMC-nin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan dahi Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq qarşısına qızılgüllər qoyulub. Ümummilli Liderin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov konfrans iştirakçılarını salamlayaraq “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş videofilmin təqdimatı olub.
Konfransda çıxış edənlər Heydər Əliyev və ordu quruculuğu, onun əsasını qoyduğu müasir Azərbaycanın inkişaf strategiyası, təhsil, elm, iqtisadi, hərb sahəsindəki inkişaf dinamikası barəsində fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Qeyd edilib ki, konfransın əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.
Konfrans plenar iclasdan sonra beş bölmə üzrə işini davam etdirib, iştirakçıların maraqlı elmi məruzələri dinlənilib və müzakirələr aparılıb.

Ordu 2023-05-31 15:46:00