×
A
A
A
Sazlamalar

“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır

Bakı, 31 may, AZƏRTAC
Biz artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstəririk. Azərbaycanda birinci layihəmiz hazırda inşa olunan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasıdır.
Bunu AZƏRTAC-a açıqlamasında 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində iştirak edən “MASDAR” şirkətinin Azərbaycandakı ofisinin inkişaf və sərmayə üzrə meneceri Maryam Raşid Əl-Məzrui deyib.
O bildirib ki, “Qaradağ” Günəş Elektrik Stansiyasının bu ilin sonuna istifadəyə verilməsi planlaşdırılır: “Paralel olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə başqa layihələr də həyata keçiririk. Ötən il Azərbaycanın Energetika Nazirliyi ilə birlikdə anlaşma memorandumu imzaladıq. Memorandum Azərbaycanda bərpaolunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda, dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən inteqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir. Biz, həmçinin Azərbaycanın Energetika Nazirliyi ilə birlikdə Qarabağ regionunda və Naxçıvanda bir neçə layihə həyata keçirməyi də planlaşdırırıq. Bununla da Azərbaycanın enerji sektorunda mühüm rol oynamaq istəyirik”.
Qeyd edək ki, 2020-ci il yanvarın 9-da Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” şirkəti arasında İcra müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq, “MASDAR” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulub. Bu istiqamətdə 2021-ci il aprelin 6-da Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Nəzərdə tutulan 230 MVt gücündə günəş elektrik stansiyasının Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılır.
İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulur. 2022-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “MASDAR” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Energetika 2023-05-31 15:34:00