Gecə saatlarında qəbul edilən qidaların orqanizmə bir sıra mənfi təsirləri var
Bakı, 31 may, AZƏRTAC
Əksər insanlar gecə saatlarında, yatmazdan öncə müxtəlif növ qidalar qəbul edir. Gecə saatlarında qəbul edilən qidaların isə orqanizmə bir sıra mənfi təsirləri var.
AZƏRTAC xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib. Onun sözlərinə görə, gecə qida qəbul etdikdə həzm fermentləri az ifraz olunur və qida yaxşı həzm olunmur: “Gecə qida qəbulu ilk növbədə yuxuya mənfi təsir edir, keyfiyyətli yuxunu pozur. Yadda saxlamaq lazımdır ki, həzmdə iştirak edən orqanlar gündüz vaxtı axşama qədər öz işini yaxşı görür. Yəni mədəaltı vəzi həzm fermentləri gündüz saatlarında aktiv ifraz edir, gecə yemək yeyildikdə isə həzm fermentləri az ifraz edilir və yeyilən qida yaxşı həzm olunmur.
Axşam saatlarında mədə-bağırsaq sisteminin sürətli işləməsinə görə gec yeyilən qida nazik bağırsaqda ləngiyir, aşağı evakuasiya olunmur. Belə olan halda yuxarıda qalan qida qalıqları çürüməyə məruz qalıb, SİBO (kiçik bağırsaq bakteriyasının həddindən artıq böyüməsi) və disbioza səbəb olacaq”.
Həkimin sözlərinə görə, axşam saatlarında yemək qəbulu arasında interval gözlənmirsə, xüsusilə, qlisemik indeksi yüksək olan qidalar qəbul edilirsə, qanda şəkər yüksəlir və insulin ifrazı artır. Artan insulin miqdarı qlükozanın səviyyəsini normadan daha çox endirir, bu da səhər oyandıqda aqressiv olmağa səbəb ola bilər.
Düzgün qidalanma haqda danışan həkim-terapevt sözügedən mövzu ilə bağlı öz məsləhətlərini verib: “İlk növbədə qidanı aralıq intervalı ilə qəbul etməliyik. Xüsusilə, axşam yeməyindən sonrakı saatlarda qida qəbul etmək lazım deyil. Axşam yediyimiz qidada karbohidrat aşağı olmalıdır. Qlisemik indeksi aşağı olan qidalar qəbul edilməlidir. Şirniyyat və meyvə yemək məsləhət görülmür. Axşam yeməyində protein, tərəvəz və keyfiyyətli yağlardan istifadə edilməsi daha məqsədəuyğundur”.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar