×
A
A
A
Sazlamalar

Ərdoğanın qələbəsi Türkiyə demokratiyasının həqiqi mahiyyətini bütün dünyaya nümayiş etdirdi

Bakı, 31 may, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin Prezidenti seçilməsi ciddi seçim qarşısında olan türk xalqının, bütün Türk dünyasının möhtəşəm qələbəsidir. Qardaş türk xalqı onun taleyinə yazılmış son dərəcə ağır və məşəqqətli sınaqları dəf edərək düzgün seçim etdi. Bu qələbə Azərbaycanın və real qüvvəyə çevrilməkdə olan Türk dünyasının (Turan) qələbəsi, onun daha da möhkəmlənməsi, iqtisadi-siyasi-hərbi gücünün artması üçün yeni bir tarixi dövrün yaranması deməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev söyləyib.
“Türk dünyasının böyük mütəfəkkiri Əlibəy Hüseynzadə hələ XX əsrin ilk illərində Sakit okeanla Atlantik okeanı arasındakı geniş ərazidə məskunlaşmış türk xalqlarını xəstə bir orqanizmə oxşadaraq yazırdı ki, onu sağaldıb ayağa qaldırmaq lazımdır... Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyə özünün ən yüksək səviyyədə iqtisadi, hərbi-siyasi inkişafına sahib oldu, hansı sahədə olur-olsun Qərbdən asılılığını özündən uzaqlaşdırdı, regional gücə çevrildi. Bu inkişafda Azərbaycanın xüsusi yeri olmuş, “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Azərbaycanın neft strategiyasının – Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Qars, TAP, TANAP layihələrinin işlənib həyata keçirilməsində Türkiyə amili əsas götürülmüş, qardaş ölkənin inkişaf strategiyası nəzərə alınmışdır”, - deyə o əlavə edib.
Professor bildirib ki, Türkiyənin inkişafı, artan gücü, söz sahibi olması bilavasitə R.T.Ərdoğanın uzaqgörən siyasəti ilə bağlıdır. Bu inkişaf açıq-aşkar düşmən mövqeyi tutan Qərbin bir sıra dövlətlərini, dövlət başçılarını, qonşu İranın molla rejimini qıcıqlandırmaya bilməzdi. Pərdəarxası mübarizə əslində ölüm-dirim mübarizəsi idi...Kamal Kılıcdaroğlu kimi səriştəsiz, naşı siyasətçinin ortaya atılması, Qərbin yeni “melodramı”nın tamaşası, onun məkrli planının nümayişi idi. Kamal Kılıcdaroğlu Türk dünyasına, onun getdikcə artan gücünə, birliyinə qarşı atılmış fiqur idi. Kamal Kılıcdaroğlu İranın terrorçu molla rejiminə, Ermənistanın terrorçu, işğalçı rejiminə, PKK və digər terrorçu qurumlara “hə” deyib onlardan “səs” gözləyirdi. Özünün avantürist siyasəti ilə Qərbdən “pay” gözləyən bu adamı türk xalqı tanıya bildi, böyük siyasətçi R.T.Ərdoğanda özünün xilas yolunu gördü. R.T.Ərdoğanın qələbəsi Qərbin məkrli planlarını alt-üst etdi, Türkiyə demokratiyasının həqiqi, real mahiyyətini bütün dünyaya nümayiş etdirdi!

Elm və təhsil 2023-05-31 15:17:00