×
A
A
A
Sazlamalar

Üç mötəbər tədbir bir ad altında - Bakı Enerji Həftəsi

Bakı, 31 may, AZƏRTAC

Bakı şəhəri mayın 31-dən iyunun 3-dək üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçirilir. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil olunub.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq edib. Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiya tədbirdə təmsil olunurlar.
Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənib. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapır. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend də nümayiş olunur.
Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Caspian Oil&Gas” sərgisi artıq 27 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər.
Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft-qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir.
“Caspian Oil&Gas” sərgisi ilə eyni tarixlərdə təşkil edilən digər tədbir isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisidir. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunur. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaq.
Sərgi çərçivəsində mətbuat pavilyonu da fəaliyyət göstərir. Burada neft-qaz sahəsində ixtisaslaşan bir neçə tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər və informasiya agentlikləri, o cümlədən internet portalları nümayiş olunur. Yeddi ölkədən yayım və media sektorunda çalışan qurumlar bu tədbirə informasiya dəstəyi verirlər. Onların arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da var.
Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə ediləcək. Bundan əlavə, Xəzər regionunun bərpaolunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpaolunan enerji mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin həyata keçirilməsi tədbirdə diqqət mərkəzində olacaq.
Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilib. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq ediləcək.
Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, tədbirin 3-cü günü Bakı Konqres Mərkəzində “4sım”, “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.
“Caspian Oil&Gas” sərgisi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “Mini Boss” məktəbinin tələbələrinin “Econotes” adlı startapı nümayiş olunacaq. Startapın ideyası baş tərəfində toxum olan qələmlərdir. Startapın yaradıcıları olan uşaqlar bununla bağlı bildiriblər ki, “Econotes” Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmdir. “Baş tərəfinə içində toxum olan kapsullar yapışdırılmış qələm ölçüsündə kiçildikdən sonra onu cücərməsi üçün dibçəyə əkmək lazımdır”. Forumda iştirak edən nümayəndələrə də bu qələm təqdim olunacaq.
Bu il təşkil olunan Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, "Heydər Əliyev İli" kontekstində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Prezident İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bununla əlaqədar olaraq, “Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı’’ mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram – Naxçıvan şəhər turu və konsert proqram da nəzərdə tutulur.

İqtisadiyyat 2023-05-31 15:05:00