×
A
A
A
Sazlamalar

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şahmat turniri keçiriləcək

Moskva, 31 may, AZƏRTAC

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda xarici ölkə diplomatları Moskva ali məktəblərinin tələbələri ilə şahmat turnirində mübarizə aparacaqlar. Turnir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, blits-turnir Rusiya Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunub. Rusiyalı qrosmeyster Vasili Paninin iştirakı gözlənilir, xarici ölkə diplomatları müxtəlif ali məktəblərin tələbələri ilə yarışacaqlar. Turnirin qalibi “Azərbaycan” pavilyonundan xatirə mükafatı əldə edəcək.
Bayram iştirakçıları üçün müsabiqə və viktorinalar təşkil olunacaq. Qaliblər “MBA-MOSKVA” Bankının və “Hədiyyə tiri” mükafatlı attraksionlar şəbəkəsinin xatirə hədiyyələrini qazanacaqlar.
Pavilyonun qonaqları Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dövlət Şərq Muzeyi ilə birgə açılan “1940-1950-ci illərdə Azərbaycanın dəzgah heykəltaraşlığı” adlı sərgini, həmçinin Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən birgə təşkil olunmuş “Heydər Əliyev-100. Lider. Dövr. İncəsənət” sərgisini ziyarət etmək fürsəti əldə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2023-05-31 14:50:00