×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqi iqtisadi inkişafın sürətləndirilməsinə yönəlib

Bakı, 31 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Əlavə olaraq, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri həmin tarixdən etibarən 10 il müddətində vergidən azaddır.
Bu barədə AZƏRTAC-a şərhində iqtisadçı-ekspert Vüqar Mirheydərov deyib.
Onun sözlərinə görə, həmin ərazilərin ƏDV qeydiyyatında olan rezidentlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı cari ilin yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır.
Sözügedən azadolmalar aşağıdakı şərtlər daxilində tətbiq edilir:
- istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergiödəyicilərinə, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
- topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları
(işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir;
- turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinə münasibətdə tətbiq edilir;
- yuxarıda qeyd olunan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
- yuxarıda qeyd olunan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda digər fəaliyyət növü həyata keçirdiyi halda işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır;
- nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.
Ekspert qeyd edib ki, vergi güzəştlərinə əlavə olaraq, “Sosial Sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:
-2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
-2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
-2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
-2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
-sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaolunanlar tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi;
- Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər (Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd olunan və həmin maddəyə əsasən sabit sadələşdirilmiş vergi və sosial sığorta haqqı ödəyən fiziki şəxslər) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi.
Həmçinin nəzərə çatdırılıb ki, bu azadolmalar maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətə, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətlərinə, dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsinə şamil edilmir.

Maliyyə 2023-05-31 14:47:00