×
A
A
A
Sazlamalar

Azərbaycan və İsrail arasında səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlıq müzakirə olunub

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Səhiyyə Nazirliyində İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, səhiyyə naziri Teymur Musayev Azərbaycan-İsrail əlaqələrinin xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını deyib. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”, - deyə Teymur Musayev vurğulayıb.
Nazir, eyni zamanda bildirib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında imzalanan səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı ölkələrin səhiyyə sektorunun yeni mərhələdə inkişafı üçün mühüm platformadır. Əməkdaşlıq Planının tezliklə icraya başlayacağı qeyd edilib.
Teymur Musayev vurğulayıb ki, səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsi Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindəndir: “İsrailin beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək”.
Həmçinin Azərbaycanın səhiyyə naziri Heydər Əliyev Fondu və “YAŞAT” Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsi zamanı yaralanan hərbçilərə müayinə və müalicə üçün mütəmadi olaraq Bakıya gələn israilli həkim briqadalarının yardımını yüksək qiymətləndirərək, öz təşəkkürünü ifadə edib.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri vurğulayıb ki, ölkələrimiz arasında dostluq əlaqələri tarixi faktdır: “İsrail ilə Azərbaycan arasında dərin mədəni-tarixi əlaqələr, dostluq və harmoniya mövcuddur. İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub”.
Moşe Arbel ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Bundan əlavə, İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi Azərbaycan Tibb Universiteti ilə fəal əməkdaşlıq edir”.
Sonda israilli nazir ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə tərəflər tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, genetika üzrə təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

 

Səhiyyə 2023-05-31 14:38:00