×
A
A
A
Sazlamalar

Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək

Bakı, 31 may, AZƏRTAC

İyunun 1-də Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək.
AZƏRTAC xəbər verir ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.
Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi nümayiş olunacaq.
Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatacaq.
Maraqlı, rəngarəng proqramı olan festivalda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmçinin uşaqlara çəmənlikdə piknik edərək proqramı izləmək imkanı yaradılacaq.

 

 

 

Mədəniyyət 2023-05-31 14:29:00