×
A
A
A
Sazlamalar

Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır - REPORTAJ

İsmayıllı, 31 may, Rəşad Türkoğlu, AZƏRTAC

Ötən il Şahdağ Milli Parkının İsmayıllı bölməsinə buraxılan nəcib marallar artıq bala verməyə başlayıb. Reintroduksiya layihəsi maralların əvvəlcə Şahdağ Milli Parkında adaptasiya dövrü keçməsini, sonra onların tarixən məskunlaşdığı bölgənin müxtəlif yerlərində təbiətə buraxılmasını nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın təbiətində 800 başadək maral yaşayır. Bu sayın artırılması məqsədi ilə ötən ilin noyabrında Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni nəcib maral növləri gətirilib. Artıq maralların sayında artım qeydə alınıb. Bir neçə gün əvvəl dünyaya gələn bala maralın çəkisi 5 kiloqramdan çoxdur. Baytarın və milli parkın əməkdaşlarının nəzarətində olan ana və bala yırtıcılardan mühafizə məqsədilə qapalı şəraitdə saxlanılır. Onların qidalanmasına da xüsusi diqqət yetirilir.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Rəfael Musayev bildirib ki, ana maralın südünün artırılması məqsədi ilə xüsusi sənaye istehsalı olan yemdən istifadə edilir, bundan əlavə şirəli yemlər verilir. Marallar gün ərzində nəzarət altında olan yaşıl əraziyə buraxılır və orada təbii şəraitdə göy otla da qidalanırlar.

Milli Parkın İsmayıllı bölməsinin direktor müavini Cəmil Rzazadənin sözlərinə görə, bala maral yeni doğulub, ananın qorxmaması və balanın yemlənməsində problem olmasın deyə hazırda Şahdağ Milli Parkında bu istiqamətdə turist səfərlərinə icazə verilmir. Müəyyən müddət keçdikdən sonra qonaqlar parkın İsmayıllı bölməsinə gələrək, bala maralı müşahidə edə bilərlər.

Artım planlaşdırıldığı kimi gedərsə, bu marallar İsmayıllı bölməsi də daxil olmaqla, parkın digər bölmələrinə buraxılacaq.

Qeyd edək ki ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 nəcib maral buraxılıb. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi nəcib maralların ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini, sonra ölkənin müxtəlif bölgələrində maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.

Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik, qulaqları uzun və hərəkətli olan bu heyvanlara əbəs yerə dağlar və meşələr gözəli adı verilməyib. Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi tanıdır.

Xatırladaq ki, Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.

 

Regionlar 2023-05-31 13:06:00