×
A
A
A
Sazlamalar

Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb

Bakı, 31 may, AZƏRTAC

28 May – Müstəqillik Günü ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri icra olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir işləri mayın 27-29-da qeyri-iş günlərində gücləndirilmiş iş rejimində aparılaraq yekunlaşdırılıb.
Təmir işləri paytaxtın Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Binəqədi rayonunun Biləcəri qəsəbəsində (Tunel üzrə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılıb.
Qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

 

Tikinti̇ 2023-05-31 12:11:00