×
A
A
A
Sazlamalar

Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir

Biləsuvar, 30 may, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini yad ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uşaqların bizim gələcəyimiz olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində uşaqlara qayğı göstərilmədi və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdən bəri bütün dünyada qeyd edilir və hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Şirvan-Salyan regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək uşaqları təbrik ediblər.
Qeyd olunub ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş edilib, onların ifasında rəqs nömrələri və mahnılar təqdim olunub.

Regionlar 2023-05-30 22:00:00