×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanında Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bakı, 30 may, AZƏRTAC

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Ər-Riyad şəhərində rəsmi qəbul təşkil olunub. Tədbirdə Səudiyyə Ərəbistanının dövlət qurumlarının rəhbər şəxsləri, Krallığın Məşvərət Şurasının, Səudiyyə Ərəbistanı - Azərbaycan Dostluq Komitəsinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımız, yerli ictimaiyyətin, işgüzar dairələrin və nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Qəbulda fəxri qonaq qismində Ər-Riyad Əmirliyinin katibi, şahzadə Feysəl bin Əbdüləziz bin Əyyaf iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Ər-Riyaddakı diplomatik şəhərcikdə yerləşən “Marriott” mehmanxanasında təşkil olunan rəsmi qəbul iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev çıxış edib. Diplomatımız Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və onun qısa müddətdə əldə etdiyi uğurlardan, habelə 1991-ci ilin oktyabrında müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi çoxsaylı problemlərdən, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizin çiçəklənməsi dövrünün başlamasından, onun müəllifi olduğu neft strategiyasından, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən, o cümlədən respublikamızın təşəbbüsü ilə həyata keçirilən neft-qaz və nəqliyyat layihələrindən, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən söz açıb.
Ş.Abdullayev çıxışında iki ölkə arasında münasibətlərə xüsusi yer ayırıb. O, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin tarixindən və bugünkü səviyyəsindən danışıb, 2022-ci ildə yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artdığını, bu tempin 2023-cü ildə də qorunub saxlanıldığını qeyd edib. İki dost və qardaş dövlətin bir çox sahələrdə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdıran səfir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir, bərpa olunan enerji və turizm sahələrində əməkdaşlıq yüksək səviyyədədir.
Daha sonra şahzadə Feysəl bin Əyyaf və səfir Şahin Abdullayev rəsmi qəbul münasibətilə hazırlanmış tortu kəsiblər.
Tədbir Azərbaycan incəsənət xadimlərinin ifasında səslənən mahnılar və milli rəqslərlə davam edib. Əməkdar artist Nərgiz Əliyeva və tarzən İbrahim Babayevin, solistlər Aqşin Abdullayev və Nigar Şabanovanın, rəqs ustaları Rifan Qəhrəmanov və Saray Usubovanın çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Rəsmi qəbulda Azərbaycanın əldə etdiyi uğurları və ölkəmizin turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş olunub. Qonaqlara yerli və Avropa mətbəxinin nümunələri ilə yanaşı, Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsulları və şirniyyatlar təqdim olunub.
Səfir Ş.Abdullayevin 28 May - Müstəqillik Günü ilə bağlı “105th Anniversary of Azerbaijan’s Independence” başlıqlı məqaləsi Səudiyyə Ərəbistanının “Arabnews” və Bəhreynin “The Daily Tribune. News of Bahrain” qəzetində dərc olunub. Məqalədə hər il mayın 28-də Azərbaycanda “Müstəqillik Günü”nün qeyd olunduğu, 105 il əvvəl olmuş bu əlamətdar gündə müasir Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinın elan edildiyi oxucuların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinın yaradılması bir çox cəhətdən Azərbaycan üçün tarixi hadisə sayılır. İlk növbədə, Azərbaycan müsəlman Şərqində ilk parlamentli demokratik respublika olub və 1918-ci il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsi əsl demokratiya və qanunun aliliyi prinsiplərini əks etdirən nümunəvi siyasi sənəd hesab edilir. Müəllif İslam dünyasında ilk dəfə olaraq 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini və bununla Azərbaycanın bir çox Qərb ölkələrini qabaqladığını oxucuların diqqətinə çatdırıb. Gənc respublikanın ən böyük uğurlarından birinin 1918-ci ildə Azərbaycanın ilk parlamentinin yaradılmasının olduğunu qeyd edən səfir Azərbaycan parlamentinin bir çox dini və etnik qrupların nümayəndələrinin sərbəst, ayrı-seçkilik olmadan və bərabər şəkildə öz fikirlərini ifadə edə bildiyi bir platforma olduğunu və öz çətiri altında Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini birləşdirdiyini vurğulayıb. Dünyada baş verən geosiyasi çağırışlara baxmayaraq, Azərbaycanın bir çox mütərəqqi islahatları həyata keçirməyə müvəffəq olduğunu xatırladan müəllif yazıb ki, 1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunub və ölkəmiz 1991-ci ilin oktyabrında öz müstəqilliyini yenidən bərpa edib.
Məqalədə bu gün Azərbaycanın bir çox beynəlxalq və regional təşkilatların, o cümlədən BMT, Avropa Şurası, ATƏT və İƏT-in üzvü olduğu, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi, həmçinin 2019-cu ilin oktyabrından Qoşulmama Hərəkatına sədrlik etdiyi, habelə İslam dünyasının bir parçası olması reallığına əsaslanaraq, Azərbaycanın suverenliyinin ilk günlərindən qardaş müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə çalışdığı vurğulanıb.
Qeyd olunub ki, hazırda Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və Cənubi Qafqazda irimiqyaslı infrastruktur, nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Ölkəmiz, həmçinin regionun enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Avropa İttifaqının güclü tərəfdaşı olmaqda davam edir.

Siyasət 2023-05-30 20:21:00