Dünyanın ən böyük elektromobil istehsalçıları Əbu-Dabidə toplaşıb
Bakı, 30 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Al Mazrouei Əbu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) Elektrikli Nəqliyyat Vasitələri İnnovasiya Sammitinin (EVIS2023) ikinci buraxılışının açılışını edib.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, sammitin məqsədi planetimizi qazıntı yanacaqlarından asılılıqdan, habelə CO2 və digər zərərli emissiyaların ekoloji təsirindən xilas edən elektromobillərə keçidi təşviq etməkdir. Üç gün davam edəcək tədbir çərçivəsində elektrik mühərriki ilə işləyən maşınların sərgisi də təşkil olunub. Sammit çərçivəsində keçirilən konfransda “Geely”, “Skywell”, “Tesla”, BYD, “Polyester” və digər kompaniyaların rəhbərləri elektromobillərin və onların xidmət sahələrinin inkişafına dair məruzələr təqdim edirlər.
Açılış mərasimində qeyd edilib ki, statistik rəqəmlərə görə, nəqliyyat sektoru qlobal istixana qazları emissiyalarının 17 faizini təşkil edir və bu məsələdə yalnız enerji sektorundan geri qalır. Sərgidə dünyanın hər yerindən 50-dən çox elektromobil nümayiş olunur. Tədbirə, həmçinin şarj infrastrukturu, dilerlər və s. kimi qlobal e-mobillik xidməti təminatçıları dəvət olunub.
Sammitin ikigünlük konfransı mövcud mənzərəni, gələcək çağırışları və imkanları müzakirə etmək üçün onlarla ölkədən nümayəndələr, ekspertlər və mobillik sənayesinin nümayəndələrini bir araya gətirəcək. Məruzəçilər, təqdimatlar və panel müzakirələri üçün 75 sessiya təşkil olunub. Bundan əlavə, iştirakçılar “Outdoor EV Test Drive” bazarında mövcud olan ən son elektromobil modellərini sınaqdan keçirmək imkanı əldə edəcəklər. Bu, onlara qabaqcıl avtomobillərdə ilk təcrübə əldə etməyə imkan verir.
Builki sammitdə ən çox diqqət çəkən yenilik e-mobillikdə ən son nailiyyətləri nümayiş etdirən innovasiya mərkəzi olan Texnologiyalar Parkıdır. Bu xüsusi sahə sənayenin gələcəyini formalaşdıran universitetlər və texnoloji inkubatorlar tərəfindən hazırlanmış qabaqcıl EV texnologiyalarına diqqət yetirəcək.
Balkan ölkələri Ukrayna dəstəyi yeniləyib
Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı artıb
Ukrayna Rusiya ərazisində pilotsuz təyyarələrin saxlandığı bazaya hava hücumu edib