×
A
A
A
Sazlamalar

Beynəlxalq konfransda Azərbaycanın əmək bazarının təhlili sahəsində aparılan işlərdən bəhs olunub

Bakı, 30 may, AZƏRTAC
Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində “Aktiv məşğulluq tədbirləri və bacarıqların inkişafı ilə əmək bazarına keçid” mövzusunda konfrans keçirilib.
Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, fonda üzv olan 25 ölkənin Məşğulluq xidmətləri və Statistika komitələrindən 60-dan çox nümayəndənin iştirak etdiyi tədbirin əsas mövzuları əmək bazarı, işsiz və işaxtaranların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi və işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, statistik məlumatların toplanması, paylaşılması ilə bağlı olub.
Konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov əmək bazarındakı dəyişikliklər və yeni çağırışlardan bəhs edib. O, Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin bacarıq və qabiliyyətləri ilə işəgötürənlərin tələblərinin uyğunlaşdırılması sahəsində görülən və planlaşdırılan işlər haqqında məlumat verib.
Qeyd edilib ki, agentlik tərəfindən müasir əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması məqsədilə peşə hazırlığı kursları təşkil edilir, mütəmadi layihələr həyata keçirilir. İcra olunan digər məşğulluq istiqamətlərinin təşkilində də işəgötürənlərin tələbləri nəzərə alınır.
Tədbirdə, həmçinin əmək bazarındakı təhlillərlə bağlı əldə edilmiş statistik məlumatların üzv dövlətlər arasında mübadilə edilməsinin önəmi və operativ şəkildə təşkili üçün yollar müzakirə edilib.
Qeyd edək ki, konfransa onlayn olaraq qoşulan Avropa Statistika Ofisinin – EUROSTAT nümayəndəsi son zamanlar Azərbaycanda əmək bazarının təhlili sahəsində aparılan işləri və əldə olunan uğurları qeyd edib.
Azərbaycanda statistik məlumatların toplanılması, dəqiqləşmələrin aparılması, gənclərin işsizlik məsələlərinin araşdırılması və işlə təmini üçün vacib addımların atıldığını, yeniliklərin tətbiq olunduğunu qeyd edərək həmin prosesləri diqqətlə izlədiklərini vurğulayıb.

Sosial 2023-05-30 18:47:00