×
A
A
A
Sazlamalar

AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlər barədə bir daha ətraflı məlumat verilib. Qeyd edilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçirilir.
Görüşdə ölkəmizə qida məhsulları idxal olunan Rusiya müəssisələrinin qiymətləndirilməsi prosesinin sürətləndirilməsi və həmin obyektlərin bu il sentyabrın 1-dək qiymətləndirmə həyata keçirilmiş müəssisələrin siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qiymətləndirmənin həyata keçirildiyi yer nəzərə alınmaqla yoxlamaların qrafikinin optimallaşdırılması və bəzi müəssisələrin qiymətləndirilməsinin video formatında həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib və təkliflər irəli sürülüb.

Sosial 2023-05-30 18:19:00