×
A
A
A
Sazlamalar

Elçin Sultanov: “Qırmızı kitab”ın üçüncü nəşrinə 16 yeni quş növü salınıb

Bakı, 30 may, AZƏRTAC
“Qırmızı kitab”ın ikinci nəşrinə 72 növ quş salınmışdı. Üçüncü nəşrdən isə 10 növ çıxarıldı. Buna səbəb geniş yayılmış növlər olmasıdır. Məsələn, çöl muymulu vaxtilə Beynəlxalq Qırmızı Siyahıda olub. Tədqiqatlar göstərdi ki, həmin quş adi və çoxsaylı quşdur. Bir neçə il əvvəl Beynəlxalq Qırmızı Siyahıdan çıxarılsa da Azərbaycanın “Qırmızı kitab”ında qalırdı. Sonuncu nəşr hazırlanarkən qərara gəldik ki, onun adını kitabdan çıxartmaq daha məqsədəuyğundur.
Adı çıxarılan digər bir növ çöl sarıdır. Azərbaycanda dağlıq və dağətəyi ərazilərdə rast gəlinən həmin quş xüsusi təzyiq altında deyil. Onu “Qırmızı kitab”da saxlamağa ehtiyac yox idi. Adi qırqovul da belə quşlardandır. Bütün dünyada ov növü olan adi qırqovulu inkubatorlarda artıra bilirlər. Hətta milyonlarla adi qırqovul artırılaraq təbiətə ov məqsədilə buraxılır. “Qırmızı kitab”ın üçüncü nəşrindən onun adı çıxarıldı. Lakin bir nüansı da qeyd edim ki, qırqovulun Talış yarımnövü istisnadır. Sayı çox azdır, onu inkubatorda artırmaq mümkün olmadığından adı “Qırmızı kitab”da saxlanıldı.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.
“Qırmızı kitab”a salınan növlər barəsində məlumat verən E.Sultanov bildirib: “Yeni nəşrə 16 yeni quş növü salınıb. Nümunə olaraq alabaxta, iridimdik bozcanı göstərmək olar. Üçüncü nəşrə Beynəlxalq Qırmızı Siyahıya salınmış növlər – hansılar ki, Azərbaycanda rast gəlinir - mədəni irsimiz olan növlər və ancaq sərhəddə, məsələn Naxçıvanda rast gəlinən növlər salınıb. Bunun hesabına ötən nəşrlə müqayisədə növlərin sayı 72-dən 78-ə artıb. Məsələn alabaxta İngiltərənin bir çox ərazilərində ov növü olsa da Azərbaycanın rayonlarında müqəddəs sayıldığından ovlanmır. Milli və mədəni ənənə kimi onu “Qırmızı kitab”a salmışıq. “Qırmızı kitab”a salınan bir sıra növlərə isə yalnız Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Bəziləri isə Naxçıvanla yanaşı, Lerikin Zuvand platosunda da qeydə alınır. Onların bir hissəsi ikinci nəşrə salınmışdı. Qalanlarını budəfəki nəşrə daxil etdik. Nümunə olaraq qısabarmaq sərçənin adını çəkə bilərəm. Əsasən Naxçıvanda, nadir hallarda Zuvandda rast gəlinən həmin quş bəzən elə olur ki, heç Azərbaycana gəlmir”.

Ekologiya 2023-05-30 18:17:00