×
A
A
A
Sazlamalar

Türkiyə və Misir prezidentləri səfirlərin mübadiləsi barədə tapşırıq veriblər

Bakı, 30 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında səfirlərin təxirə salınmadan mübadiləsi barədə xarici siyasət idarələrinə müvafiq tapşırıqlar veriblər.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Misir Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Misir Prezidenti türkiyəli həmkarını seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin sürətli inkişafı üçün yaxşı imkan yarandığını bildirib. Telefon danışığı əsnasında dövlət başçıları Misir və Türkiyə arasında əlaqələrin qədim tarixə malik olduğunu, əməkdaşlığın güclənməsinin hər iki ölkənin xalqlarının maraqlarına cavab verdiyini vurğulayıblar. Bu ilin əvvəlindən bəri Qahirə və Ankara 2013-cü ildə ölkələr arasında pozulmuş diplomatik münasibətlərin bərpa olunması istiqamətində mühüm addımlar atıb və apreldə xarici siyasət idarələrinin rəhbərləri Sami Şükri və Mövlud Çavuşoğlunun apardıqları danışıqlar çox məhsuldar olub. Misirin xarici işlər naziri jurnalistlərə bildirib ki, Qahirə və Ankara diplomatik münasibətlərin bərpasına tam hazırdır.
Sonda qeyd edilib ki, səfirlərin mübadiləsi üzrə işlər başa çatıb və yekun tarix yaxın günlərdə açıqlanacaq.

Dünya 2023-05-30 18:05:00