×
A
A
A
Sazlamalar

Hindistanın Bakıdakı səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə yoqa tədbirləri keçirəcək

Bakı, 30 may, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfirliyi 2023-cü il Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün Azərbaycanın müxtəlif şəhərlərində silsilə yoqa tədbirləri təşkil edəcək. Bu tədbirlər fiziki və mənəvi sağlamlığı yaxşılaşdırmaq, harmoniya və birlik hissini aşılamaq, Hindistan və Azərbaycan arasında mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər Azərbaycanın müxtəlif mənzərəli yerlərində, o cümlədən Respublika Velotreki, Bakı Bulvarı, Qobustan, Atəşgah, Şamaxı, Yanardağ, Qəbələ, "Şabran" İstirahət Kompleksi, İçərişəhərdə və Heydər Əliyev Mərkəzinin parkında keçirəcək.
Bu tədbirlərə həm yoqa həvəskarları, həm də yoqaya yeni başlayanlar dəvət olunurlar. İştirakçılar "The Art of Living Azerbaijan", "Yoga Shahi Studio" və Azərbaycan Klassik Yoqa Məktəbini təmsil edən təcrübəli təlimatçıların rəhbərlik etdiyi yoqa seanslarında iştirak edə biləcəklər. Hər yoqa seansı müxtəlif yoqa duruşlarını, tənəffüs məşqlərini və meditasiya texnikalarını əhatə edəcək.
İyunun 21-i Hindistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının yekdil qərarı ilə 2015-ci ildən etibarən qlobal səviyyədə Beynəlxalq Yoqa Günü kimi tanınıb. 21 iyun, həmçinin şimal yarımkürəsində ilin ən uzun günüdür və dünyanın bir çox yerində xüsusi əhəmiyyətə malikdir. Kökləri hind fəlsəfəsinə söykənən qədim yoqa təcrübəsi sağlamlığa vahid yanaşmanı təmin edir. Elmi cəhətdən sübut edilib ki, yoqa insan bədəninin çevikliyini artırır, gərginliyi azaldır, zehni aydınlığı və fiziki hazırlığı yüksəldir. Yoqanın, həmçinin immuniteti gücləndirdiyi, konsentrasiyanı artırdığı və daxili sülhü yaratdığı məlumdur.

Səhiyyə 2023-05-30 17:54:00