×
A
A
A
Sazlamalar

Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib

Quba, 30 may, Elxan Yusifli, AZƏRTAC

Qubada keçirilən “Oxu bayramı”nda 280 adda, müxtəlif dillərdə nəşr olunmuş mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən “Oxu bayramı” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Tədbirin əsas məqsədi mütaliəyə marağın artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən bayram tədbirində oxucular, mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri və başqa qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, milli-mənəvi dəyərlərimizi əks etdirən kitablardan ibarət, həmçinin kitabxananın rəsm və bacarıqlı əllər dərnəklərinin əl işlərindən ibarət sərgilərə və vətənpərvərliyə aid fotostendlərlə baxıblar.
Sərgilərdə “2023-cü il Heydər Əliyev İli”dir, “Heydər Əliyev-100”, “Zərifə Əliyeva-100”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır”, “Zəfər tariximizi yazanlar”, “Ali Baş Komandan Prezident İlham Əliyev”, “Müstəqilliyimiz əbədidir!”, “Qubalı şair və yazıçılar”, “Xarici ədəbiyyat”, “Elektron nəşrlər”, “Quba şəhidləri”, “Azərbaycan xalçaçılıq sənəti”, “Uşaqların sevimli yazıçıları”, “Bacarıqlı əllər” və digər mövzularda stendlər nümayiş etdirilib.
Tədbir çərçivəsində kitabxananın fəal oxucuları Ulu Öndərə, Azərbaycana və Vətənə həsr olunmuş şeirlər səsləndirib, pəhləvanlar bir-birindən maraqlı nömrələr, “Günəş körpələr evi” uşaq-bağçasının körpə fidanları isə rəqslər təqdim ediblər.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov çıxışlarında Azərbaycanda kitabxana sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini, oxucuların kitabdan və kitabxanalardan faydalanmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.
Natiqlər ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan quruculuq işlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahə ilə əlaqədar imzaladığı Fərman və sərəncamlarından, kitabxana-informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin müasir tələblərə uyğun qurulmasından danışıb.
Sonra Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin atası Akif Mirzəyev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayon MKS–nin direktoru Saməddin Nəsirov və başqaları çıxış edərək gənclərin və uşaq yaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını qeyd etdilər.
“Oxu bayramı”nda fəal iştirak edən kitabxana əməkdaşları və fəal oxucular fəxri fərmanlarla təltif olunublar.
Bayram tədbirinin sonunda Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin, Quba Uşaq İncəsənət Məktəbinin və Quba Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.

Regionlar 2023-05-30 17:05:00