×
A
A
A
Sazlamalar

V Milli Kitab Sərgisi davam edir

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Beynəlxalq Bankının (ABB) tərəfdaşlıq dəstəyi ilə V Milli Kitab Sərgisi davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, İçərişəhərdəki Qoşa Qala meydanında təşkil olunan sərgidə 70 mindən çox kitab 70 faizədək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir. Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə marağı artırmaq, yaradıcı istedadlara dəstək olmaqdır.
Sərginin açılış mərasimində çıxış edən ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, vətəndaşlıq məsuliyyəti ABB-nin əsas korporativ dəyərlərindəndir: “Müxtəlif layihələrimizlə bilik və bacarıqlar qazanmaq imkanlarını hər kəsə əlçatan edirik. Bununla ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. İnsanları kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır. Ona görə ABB olaraq V Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstəririk”.
İyunun 4-dək davam edəcək sərgidə ABB-nin xüsusi stendi var. Ziyarətçilər burada Bankın məhsul və xidmətləri ilə də tanış ola bilirlər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sərginin körpə ziyarətçilərini maraqlı sürprizlər gözləyir. Sərgiyə giriş ödənişsizdir.



 

Mədəniyyət 2023-05-30 16:45:00