Bərdədə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 30 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Monitorinq Planının icrası çərçivəsində Bərdə rayonunun Muğanlı kəndi ərazisində fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı müəssisədən götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Ekspertizanın nəticələrinə əsasən, müəssisədə qablaşdırılan “Muğanlı” əmtəə nişanlı içməli suyun tərkibində “Pseudomonas aeruginosa” və “MAFAnnMM 22° C” bakteriyasının yol verilən həddən çox olduğu müəyyənləşib. Həmçinin müəssisənin qeydiyyatdan keçmədiyi və müvafiq çıxarışla təmin olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Eyni zamanda, müəssisədə satışı həyata keçirilən “Muğanlı” əmtəə nişanlı içməli suların etiket məlumatlarında “təbii mineral süfrə suyu” sözü yazıldığı aşkar olunub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda, nümunə nəticəsi uyğunsuz çıxan mal partiyasının ticarət şəbəkələrindən geri çağırılması və məhsulların məhv edilməsi haqqında qərar qəbul olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermək xahiş olunur.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb