×
A
A
A
Sazlamalar

Azərbaycan “yaşıl enerji” sahəsində də qabaqcıl ölkələrdən biri olmağı qarşısında hədəf qoyub

Bakı, 30 may, AZƏRTAC

Son 10 ildə dünyada alternativ enerjinin istehsalı 2 dəfədən çox artıb. Dünyadakı yenilikləri təqib edən Azərbaycan “yaşıl enerji” sahəsində də qabaqcıl ölkələrdən biri olmağı qarşısında hədəf qoyub, artıq bu sahədə önəmli addımlar həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutub. Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması bir çox layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycanın hədəfi bərpaolunan enerjinin payının ümumi enerji istehsalında 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
“Ölkəmizin “yaşıl enerji” sahəsinə göstərdiyi xüsusi diqqət bu sahənin qısa zamanda sürətlə inkişaf edəcəyindən xəbər verir. Müzəffər prezidentimizin işğaldan azad olunmuş – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etməsi də bu sahəyə olan qayğının göstəricisidir. İşğaldan azad olunan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Azərbaycanda daxili su ehtiyatlarının təxminən 25 faizi – illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə Günəş enerjisi potensialı ilə diqqət çəkməkdədir. “Yaşıl enerji” zonası elan edilən bölgələrdə artıq bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyətə başlayıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma işləri, qurulan yaşayış məntəqələrindəki müasir infrastruktur gələcək iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlverişli zəmin hazırlanır. İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər, Günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanı regionda lider mövqeyinə yüksəldib”,- deyə Məmməd Musayev qeyd edib.

 

İqtisadiyyat 2023-05-30 15:58:00