×
A
A
A
Sazlamalar

Böyük Qayıdışın növbəti ünvanı – Laçından reportaj FOTO

Laçın, 30 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Yolumuz dağlar qoynundakı Laçın şəhərinədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdıb. İşğaldan azad olunmuş ərazilərimizə dəfələrlə səfər etmiş, Ermənistanın yer üzündən sildiyi yurd yerlərimizdən çoxsaylı reportajlar hazırlamışıq. Laçın rayonuna budəfəki səfərimiz isə tamamilə başqa ruhda idi.
Mayın 27-28-də Laçın rayonuna səfər edən Prezident İlham Əliyev Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlini qoyub, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Dövlətimizin başçısının səfəri zamanı, həmçinin Zabux kəndində aparılan tikinti işləri, Laçın şəhərinin baş planı ilə, Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub, ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində, rayon ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib. Günün ən mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etməsi oldu. Beləliklə, 2023-cü il mayın 28-i - Müstəqillik Günü Laçın və laçınlılar üçün olduqca əlamətdar hadisələrlə yadda qaldı.
Odur ki, həm Laçındakı quruculuq işlərinin, qısa müddətdə baş verən dəyişikliklərin şahidi olmağa, həm də illərlə həsrət qaldıqları doğma yurd yerində yenidən məskən salmış laçınlılarla görüşməyə tələsirik.

Laçında quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır

Laçına daxil olduğumuz andan burada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin yüksək zövq və keyfiyyətlə aparılması diqqətimizi çəkir.

Prezident İlham Əliyev mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, “İşğal” və “Zəfər” muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

“31 il əvvəl ağlaya-ağlaya çıxdığımız Laçına gülə-gülə qayıtdıq”

Laçın şəhərinin küçələri ilə gəzərkən quruculuq işlərini əks etdirən mismar, çəkic və ağır texnikaların səsləri ilə yanaşı, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən doğma yurdlarına qayıtmış insanların danışıq və gülüş səslərini də eşidir, laçınlıların çöhrələrindəki xoşbəxtliyin şahidi oluruq. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş sakinlər həyətlərindən, evlərinin pəncərəsindən açılan mənzərələri vüqarla seyr edir, xəyalları, ən böyük arzuları həyata keçdiyi üçün şükranlıq edirlər. Rast gəldiyimiz hər bir insan bizimlə gülər üzlə salamlaşır, sanki sevinclərini bölüşməyə can atırdılar.

Küçələrin biri ilə keçərkən həyətlərindəki skamyada oğlu və nəvələri ilə oturub söhbət edən qadın bizi evinə dəvət etdi. Süfrə arxasında maraqlı söhbətimiz alındı. İpək Təhməzova Laçın rayonunun işğal edildiyi 31 il əvvəlki acı xatirələrindən və uzun illərdən sonra doğma yurda qayıdışın xoş təəssüratından danışdı: “31 il əvvəl Laçını tərk etməyə məcbur olduq. Köçkünçülük illərində çətinliklərimiz çox oldu, doğma yurdumuzun həsrətini çəkdik, qəribsədik. Dövlətimizin hərtərəfli qayğısı ilə təmin olunsaq da, Laçını bir gün də olsun unutmadıq. Evimizi, yurdumuzu yuxularda görürdüm, daim xəyalımdan keçirirdim. Nəhayət ki, arzularımız, xəyallarımız gerçəkləşdi. 31 il əvvəl ağlaya-ağlaya çıxdığımız Laçına gülə-gülə qayıtdıq”.
İpək nənə Prezidentlə görüşünü ömrünün ən unudulmaz anları hesab edir: “Prezident evin açarını mənə təqdim edəndə elə bildim dünyanı mənə verdi. Bizimlə çox səmimi görüşdü, söhbət etdi. Bizim üçün ikiqat sevinc oldu. Həm yurdumuza qayıtdıq, hər cür şəraiti olan evlə təmin olunduq, həm də Prezidentlə görüşdük. Bundan gözəl nə ola bilər ki...”.
Ailənin üzvü Gündüz Təhməzov isə deyib: “31 ildən sonra Allah bizə Laçına qayıtmağı nəsib etdi. 22 yaşımda çıxdığım evimizə indi ailə üzvlərimlə birgə qayıtmışam. Allah Prezidentimizi, Ordumuzu qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Onların sayəsində biz ata-baba yurdumuza qovuşmuşuq”.

Yuxu kimi gerçəklik

Həyatının ən gözəl çağlarının Laçın şəhərində keçdiyini deyən Ruqiyyə Xəlilova bildirib ki, 31 ildən sonra doğma yurda qayıtması ona yuxu kimi gəlir: “Hər bir insanın doğulduğu torpaq onun doğma Vətənidir. Ürəyimiz hər zaman doğma Laçınımızla döyünüb, həmişə Laçına qayıtmaq arzusu ilə, duyğusu ilə yaşamışıq. Allaha şükürlər olsun ki, Prezidentimizin fədakar əməyi, düzgün siyasəti, qətiyyəti sayəsində doğma yurdumuza gələ bildik. Bundan qiymətli həyatda nə ola bilər. Yaşımın bu vaxtında doğma yurdumda, dövlətimizin təmir etdiyi evimizdə yaşayıram. İnana bilmirəm ki, evimizdəyəm. Mənə yuxu kimi gəlir...”.

“Prezidentlə görüşmək hər insana nəsib olmur. Sevincimin hüdudu yoxdur. Öz torpağıma qayıtmışam. İkincisi, Prezidentlə görüşdüm, əlindən tutdum, şəkil çəkdirdim. Belə Prezidenti Allah qorusun! Çox qürurverici idi. Dünyada itirdiklərimin hamısını unutdum”, - deyən Ruqiyyə nənə Prezidentlə görüşün xoş təəssüratlarından danışır.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Şəhərdə yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.
Laçında həyata keçirilən layihələr üzrə iş icraçısı Elnur Abdullayev bildirib ki, Qayıdış proqramında 200-dən çox Laçın sakini işlərə cəlb olunub. Onlar Laçında həyata keçirilən quruculuq-abadlıq işlərində iştirak etmək üçün könüllü olaraq müraciət ediblər. Həmin şəxslər bu gün öz ata-baba yurdlarında Qayıdış proqramına əsasən quruculuq işlərində çox yüksək səviyyədə, yaxından iştirak edirlər.
“Laçın şəhərində artıq 20 ailə yerləşdirilib. Laçın öz sakinlərini qəbul etməyə hazırdır. Mərhələli şəkildə bu insanların yerləşdirilməsi işləri aparılır. İnsanlar da çox məmnun və çox razıdırlar. Sakinlərin adaptasiya olmaları üçün onlar davamlı olaraq diqqət mərkəzində saxlanılır”, – deyə Elnur Abdullayev bildirib.

Çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.

Artıq axşam düşür, geri qayıtmalıyıq. Doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın növbəti ünvanı olan Laçından xoş təəssüratlarla ayrılırıq. Əminik ki, azadlığına qovuşmuş digər şəhər və kəndlərimizə də ayaq basanda Ağalı, Talış, Laçında olduğu kimi, işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.


Tahir Ağaməmmədov
AZƏRTAC-ın bölgə müxbiri

 

Regionlar 2023-05-30 15:29:00