×
A
A
A
Sazlamalar

"Dostluq görüşü" adlı tədbir təşkil olunub

Bakı, 30 may, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, həmçinin Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi, eləcə də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim, şagird kollektivinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Dostluq görüşü" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Qazaxda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə gül dəstələri düzülüb və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Liderin adını daşıyan Mərkəzdə qonaqlar onun həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlərdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qazax rayonu bu günə kimi 344 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Sonra qonaqlar Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını ziyarət ediblər.
Tədbir Qazax şəhər Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nabat Əsgərova idi.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi işlərdən, misilsiz xidmətlərdən, mədəniyyət sahəsində çalışan insanlara verdiyi yüksək qiymət və dəyərdən danışıblar. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açaraq, Qazaxda keçirilən tədbirə görə qonaqlara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbirin davamı olaraq, qonaqlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına və Göyəzən dağına ekskursiya ediblər.

Mədəniyyət 2023-05-30 12:40:00