×
A
A
A
Sazlamalar

Ekspert: 28 May günündə Azərbaycan Prezidentinin Laçına səfəri xüsusi əhəmiyyət daşıyır

Bakı, 30 may, AZƏRTAC

Azərbaycanda ordu quruculuğu prosesi prioritet məsələdir. Bunun əsasında Azərbaycan dövlətinin milli maraqları dayanır. Prezidentimiz indiyədək dəfələrlə bu məsələyə toxunaraq bildirib ki, ölkəmizdə ordu quruculuğu prosesi ərazi bütövlüyümüzün bərpası məsələsində həmişə strateji rol oynayıb. Ona görə də, bu məsələnin dövlətimizin başçısı tərəfindən prioritet elan olunması uzaqgörən siyasətinin nəticəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə hərb tariximizin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu, haqq, ədalət yerini tapdı. Bu gün Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsi olan azad, yenidən qurulan Laçın isə bizim tarixi nailiyyətimizdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət siyasəti ölkənin ərazi bütövlüyü və suverenliyi üçün strateji əhəmiyyət daşıyır. Bütün əlamətdar günlərdə dövlətimizin başçısı adətən Qarabağa səfər edir. Bundan əvvəl də Prezident öz ad günündə, Dövlət Bayrağı Günündə, ümumiyyətlə, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixlərdə tez-tez işğaldan azad olunan ərazilərə səfər edir, hərbi hissələrdə əsgərlərimizin yanında olurdu. Orada çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsinə toxunur, Qarabağ probleminin həllinin vacibliyini dəfələrlə vurğulayırdı”.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Laçın rayonuna sonuncu səfəri, xalqla birbaşa təması, öz vətəndaşlarının, sadə insanların yanında olması, onlarla görüşməsi həmin ənənələrin davamıdır. Bu ənənə dövlətimizin başçısı ilə xalqımız arasındakı vəhdətin əsas prioritetidir. Azərbaycan Prezidentinin bu addımı ərazi bütövlüyümüzün qorunması istiqamətində həyata keçirilən ideoloji xəttin əsas nöqtəsi kimi dəyərləndirilə bilər. Bunu həm daxili, həm xarici auditoriya üçün mesaj kimi də qiymətləndirmək olar. Laçına səfər Azərbaycanın dövləti ilə xalqı arasında sarsılmaz birliyin təcəssümüdür.
“Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra həyata keçirilən siyasi və hərbi tədbirlər Azərbaycanın dövlət başçısı ilə xalqın birliyindən xəbər verir. Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi ən uğurlu fəaliyyətlərdən biridir. Laçının qansız azad olunmasının, Laçın yolunun nəzarətə götürülməsinin strateji əhəmiyyəti var. Belə ki, Laçında Azərbaycanın keçid məntəqəsi yerləşir və bu rayon birbaşa Ermənistanla dövlət sərhədimizdədir. Azərbaycan Prezidentinin Laçına səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu mayın 28-də təşkili xüsusi əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycan dövlətinin siyasi və hərbi istiqamətdə həyata keçirdiyi ideoloji xəttin istər Ermənistana, istərsə də bütün dünyaya çatdırılması idi”, - deyə İbrahim Rüstəmli söyləyib.
Polkovnik-leytenant bildirib ki, mayın 28-də Prezidentin Laçında çoxsaylı təməlqoyma və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin bu rayonda məskunlaşması dövlət başçımızın müstəqillik günündə xalqımıza hədiyyəsidir. Belə əlamətdar gündə Azərbaycan Prezidentinin Laçında olması müstəqilliyimiz üçün böyük rəmzi məna daşıyır. Xalqımız bu məsələdə Azərbaycan Prezidentinin prinsipial mövqeyini dəstəkləyir. Çünki dövlətimizin başçısının həyata keçirdiyi siyasət addım-addım reallaşdırılır. Bunu ermənilər də görürlər. Bundan sonra Qarabağda yaşayan ermənilərin ölkəmizin qanunlarına riayət etməsi zərurətə çevrilir. Bu zərurət orada dövlətimizin başçısının təbirincə desək, özlərini Prezident elan edən, parlament seçən həmin şəxslərə ciddi mesajdır.
“İnanıram ki, gələcəkdə sərhədlərin delimitizasiyası və demarkasiyası məsələsi də həll ediləcək, iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Çünki Azərbaycan həmişə sülhpərvər siyasət yürüdüb. Biz heç vaxt müharibəni üstün tutmamışıq. Amma 44 günlük savaşda olduğu kimi ermənilər törətdikləri təxribatlara görə həmişə adekvat cavablarını alıblar. Bu indiyədək Azərbaycanın sülhlə naminə atdığı addımların etinadsızlıqla qarşılanmasına cavab olaraq həyata keçirilmişdi. Xalqımız bundan sonra da suverenliyimizin daha da möhkəmlənməsi istiqamətində Azərbaycan Prezidentinin tutduğu yolu dəstəkləyəcək”, - deyə hərbi ekspert vurğulayıb.

Cəmiyyət 2023-05-30 12:33:00