×
A
A
A
Sazlamalar

Şabranda taxıl biçininə hazırlıq işləri yekunlaşıb

Şabran, 30 may, Elxan Yusifli, AZƏRTAC

Şabran rayonunda iyun ayının ikinci ongünlüyündən taxıl biçininə başlanılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biçin ilk olaraq rayonun düzən və dağətəyi ərazilərindəki arpa sahələrində aparılacaq.
Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 30-dan çox taxılbiçən kombaynın iştirakı ilə aparılır. Taxıl biçini prosesinə cəlb olunan mexanizatorlar yanğın və digər təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıblar. Taxıl biçininə hazırlıq işləri yekunlaşıb. Hazırda Şabrandakı 13 kombayn Aran rayonlarında taxıl biçininə cəlb olunub.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov bildirib ki, cari mövsümdə rayonun taxılçılıq təsərrüfatlarında 15 min 83 hektar sahənin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 8 min 167 hektarını buğda, 6 min 916 hektarını isə arpa sahələri təşkil edir.
Ənvər Hüseynovun sözlərinə görə, indi rayonun dağlıq ərazilərində də biçin prosesi asanlaşıb. Ölkəmizə gətirilən yeni nəsil dağ kombaynları dağlıq və dağətəyi zonalarda biçin prosesini həyat keçirir.
Şabran rayonunda buğda biçininə isə iyulun əvvəllərində start veriləcək.

 

Kənd təsərrüfatı 2023-05-30 11:51:00